19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirdə çıxış edən yığmamız bu yarışda ardıcıl 3-cü dəfə uduzub.
Ötən il keçirdiyi son iki matçda Sloveniyaya 0:4, Belarusa 1:2 hesabı ilə yenilən millimiz 2017-ci ilə Litva məğlubiyyəti ilə start verib – 1:2. Bununla, komandamız Sankt-Peterburqda ardıcıl məğlubiyyət sayını 3-ə çatdırıb.
Bu isə yığmamızın yarışdakı iştirakı tarixində antirekorddu. Rusiyadakı turnirdə 36-cı matçını keçirən komandamız heç vaxt 3 məğlubiyyəti sıralamamışdı. Ən pis halda, iki dəfə ardıcıl yenilən yığmamız həmin antirekordla bir neçə dəfə üzləşmişdi.
Ümumilikdə isə millimiz turnirdə 16-cı məğlubiyyətini alıb. Litvanın vurduğu 2-ci top buraxdığımız 60-cı qol olub.