İtaliya A seriyasında “Sampdoriya”ya 1:2 hesabı ilə uduzan “İnter”in yeganə qoluna Danilo Dambrozio vurub. Apasport.az saytının məlumatına görə, bu qol yerli futbolçuların Milan klubunda 13-cü top olub.
Maraqlıdı ki, son 3 mövsümdə (2013/14, 2014/15, 2015/16) “İnter”in italiyalı oyunçuları ümumilikdə 12 qol vurmuşdu. 3 ilin nəticəsini 1 mövsümdə üstələyən milanlılarla bağlı bu statistikanın Azərbaycan klublarına tətbiqi maraq doğurur.
Görəsən, Premyer Liqada cari mövsümdə hansı klubun yerliləri daha çox qol vurub? Apasport.az-ın araşdırmaları göstərir ki, çempionatın arxada qalan 24 turunun 96 oyununda 207 qol vurulub. Bunun da 109-u legionerlər və milliləşən əcnəbilərin hesabındadı.
Yerli oyunçular isə 98 qola sevinib. 100-ün astanasında olan azərbaycanlılar daha çox “İnter”də parlayıb.
Zaur Svanadzenin komandasında yerli oyunçular hamıdan çox – 29 qol vurub. Bu da başadüşüləndi. Bombardirlər yarışında öndə qərarlaşan yerli oyunçular Rauf Əliyev (8), Nizami Hacıyev (7), Ruslan Abışov (5) bu klubun üzvləridi.
Bu göstəricidə “İnter”in ən yaxın izləyicisi “Sumqayıt”dı. “Gənclik şəhəri” təmsilçisinin yerliləri 19 dəfə fərqlənib. Bu isə “İnter”in “üçlüy”ündən də azdı. Rauf-Nizami-Ruslandan ibarət trio 20 qol vurub.
Son mövsümün çempionu və hazırkı lider “Qarabağ”ın yerliləri 12 dəfə rəqib qapısına yol tapıb. “Kəpəz”lə “Neftçi”də 10, “Qəbələ”də 7, “Zirə”də 6 belə qol var. Çempionatın autsayderi AZAL-da bu rəqəm 5-ə bərabərdi.