[b]Bakıdakı “Böyük oyun”ların yeganə hakimi[/b]
09.03.2016 - 11:29
[b]Bakıdakı “Böyük oyun”ların yeganə hakimi[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasını idarə edəcək Rəhim Həsənov mövsümdə 3-cü dəfə “Böyük oyun”da fit çalacaq. Apasport.az saytının məlumatına görə, Hakimlər Komitəsi bu komandaların Bakıda baş tutan bütün oyunlarını eyni referiyə tapşırır.

 

Belə ki, FİFA referisi komandaların Topaz Premyer Liqasının I və III dövrəsindəki matçlarda da fit çalmışdı. Ötən il sentyabrın 20-də qarşılaşmada hesab 1:1 nəticələnmişdi. Qonaqların “qırmızı” və qolla nəticələnməyən penalti ilə cəzalandığı matçda Həsənov “Neftçi”yə 3, “Xəzər Lənkəran”a 6 vərəqə göstərmişdi.

 

Bu il fevralın 13-də isə bakılılar 1:0 hesabı ilə qalib gəlmişdi. Həmin görüşdə referi meydan sahiblərinə 4, qonaqlara 2 sarı vərəqə göstərib. Bu mövsüm Bakıdakı “Böyük oyun”ların yeganə baş hakimi olan Həsənov ümumilikdə 20 matç idarə edib.

 

19 çempionat və 1 kubok oyununda ədaləti qoruyan hakim meydan sahiblərini 1 penalti, 5 qırmızı və 49 sarı vərəqə ilə cəzalandırıb. Qonaqlar isə 2 penalti, 1 qırmızı və 57 sarı görüb. Bu 20 matçda ev sahibi olan komanda 7 qələbə qazanıb, 8 heç-heçə edib və 5 dəfə uduzub.

 

“Xəzər Lənkəran” Həsənovun idarəçiliyi altında keçirdiyi 6 matçda 1 qələbə qazanıb, 2 heç-heçə edib və son 3 oyunda qol vurmadan uduzub. Bu qarşılaşmalarda cənublulara və onların rəqiblərinin hərəsinin lehinə 1 penalti verən hakim əyalət klubuna 3 qırmızı vərəqə verib. O, lənkəranlılara 18, rəqiblərinə 23 vərəqə göstərib.

 

“Neftçi” isə bu hakimin idarə etdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Bakılıların rəqiblərini 1 qırmızı, 1 penalti və 15 sarı ilə cəzalandıran FİFA referisi “ağ-qaralar”a 12 xəbərdarlıq edib.