Madrid “Real”ının futbolçusu Kərim Benzema daha bir müddət Fransa yığmasından kənarda qala bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ölkənin baş naziri Manuel Vals 29 yaşlı hücumçunun milliyə dönüşünün hələ baş tutmasını istəmir.
Benzema "Lion"un şərəfini qoruyan, millidəki komanda yoldaşı Matyu Valbuenanı intim video ilə şantaj etməkdə təqsirləndirilirdi. Ulduz futbolçu bu səbəbdən marta qədər yığmadan kənarlaşdırılmışdı. Onun cəzasının ləğv olunmayacağı təqdirdə, yayda keçiriləcək Avropa çempionatını buraxacağı da istisna edilmirdi.
Məsələ ilə bağlı açıqlama verən baş nazir Manuel Vals bildirib ki, Benzemanın cəzasının hələ qüvvədə qalmasının tərəfdarıdı: “Kərimin yığmaya qayıtması üçün şərait yoxdu. Araşdırmalar davam edir. Düzdü, bununla bağlı qərarı baş məşqçi verəcək. Benzemanın milliyə qayıdıb-qayıtmaması ondan asılıdı. Ancaq mən bu futbolçunu yığmada görməyi hələ istəməzdim”.
Qeyd edək ki, 2007-ci ildən Fransa yığmasına çağırılan Benzema millidə 81 oyunda 27 qola imza atıb.