“İlə qələbəylə başlamaq hər zaman yaxşıdı. Azərbaycan millisi üzərində qələbə bizdə özünəinam yaratdı”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin müvəqqəti baş məşqçisi Talqat Baysufinov deyib.
Martın 26-da yoldaşlıq görüşü çərçivəsində yığmamızla qarşılaşan və 1:0 hesablı qələbə qazanan Qazaxıstan seçməsi bu gün Gürcüstanın qonağı olacaq.
Görüşöncəsi mətbuat konfransı keçirən Baysufinov Azərbaycanla qarşılaşmanı da xatırlayıb.
O, yerli mətbuata açıqlamasında bu uğurun davamını gətirmək istədiklərini söyləyib: “Azərbaycandan sonra Gürcüstanı da məğlub edəcəyimizə ümidliyəm. Lakin futbolda hər şey ola bilər. Futbolçularımız 3 gün əvvəlki qələbədən sonra özlərinə daha çox güvənirlər. Azərbaycanla qarşılaşmada olduğu kimi, bu dəfə də balanslı futbol göstərməyə çalışacağıq”.
Baysufinov Gürcüstan yığmasının Azərbaycandan daha güclü olduğuna işarə vurub: “Budəfəki rəqibimiz daha güclü komanda olacaq. Səhv etmirəmsə, Gürcüstanın 20 oyunçusundan 15-i legioner həyatı yaşayır. Onların ayrı-ayrı mövqelərini dəyərləndirdiyimiz zaman bir hücumçularına xüsusi diqqət yetirməyə borclu olduğumuzu görərik. Söhbət Levan Mçedlidzedən gedir. “Empoli”də çıxış edən bu oyunçu həm çox sürətli, həm də atletikdi”.
Qeyd edək ki, Gürcüstan – Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.