[b]BFL-də iştirakın xərci açıqlandı: Çempion komanda xaricə göndəriləcək[/b]
13.07.2017 - 13:45
[b]BFL-də iştirakın xərci açıqlandı: Çempion komanda xaricə göndəriləcək[/b]

Bir müddət əvvəl Azərbaycanda yeni – Bakı Futbol Liqası (BFL) adlı həvəskar futbol liqası yaradılıb. Apasport.az saytının məlumatına görə, liqanın təsisçisi Ramil Vəliyev müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb.

 

- Bakı Futbol Liqası həvəskar komandaları bir araya toplasa da, işində peşəkar prinsiplərə söykənib. Peşəkar məsuliyyət, işə yanaşma tərzi və iştirakçılarla şirkət arasındakı bağlılıq artıq indidən yeni futbol erasının BFL ilə başlayacağına şübhə yaratmır. Buna görə də bu yöndə bəhrələnmək istəyən hər bir komanda Bakı Futbol Liqasına üz tutacaq.

 

- Bakı Futbol Liqasının keçirəcəyi yarış barədə nə kimi məlumat verə bilərsiniz?

- BFL yarışlarında meydanda hər komandadan 8 oyunçu mübarizə aparır. Təbii ki, bu da dünyadakı mövcud standartlar və reqlament əsasında təşkil olunur. Meydan ölçüləri də standartlara uyğun dəyişdirilib. Qeydiyyatdan maksimum 15 oyunçu keçirilə bilər. Liqada 20 komanda iştirak edir və hər komanda bir-biri ilə iki dəfə olmaqla (ev/səfər) ümumi 38 oyun keçirir. Mövsüm sentyabr-iyun aylarını əhatə edir.

 

- BFL-ə qoşulmaq üçün ilkin tələb olunanlar nələrdi?

- Komandanın loqosu və vahid formasının olması mütləqdi. Komanda kapitanı komanda üzvlərinin lazımi sənədlərini bizə təqdim etməlidi. Növbəti mərhələdə isə ödəniş olunur.

 

- Əvvəllər peşəkar futbolla məşğul olan oyunçuların qeydiyyatında hansı məhdudiyyətlər var?

- Həvəskar komandalar üçün nəzərdə tutulan bir layihə olduğundan, təbii ki, müqaviləsi davam edən və aktiv peşəkar futbol fəaliyyəti olan şəxslər qeydiyyata alınmayacaq. Bununla belə, məhdudiyyətlər iştirakçıların ürəyincədi. BFL-dən qeydiyyatdan keçənə qədər peşəkar futbolla vidalaşmış şəxslər bizə qoşula bilərlər.

 

- Bizdə olan məlumata görə, BFL-ə qoşulmaq üçün komandalar 3000 AZN ödəniş etməlidi. Bu məbləğin çox olduğunu düşünənlər az deyil...

- Heç kimə sirr deyil ki, daha üstün xidmət daha çox maddiyyat tələb edir. Bizdə isə daha çox üstünlük komandaların ödənişi üzərinə qurulmayıb. Bəli, ilk görünüşdən 3000 manat insanları yanılda bilər. Lakin iştirakçılarımız hesablama apardıqda gerçəyi görməyə başlayırlar. Hesablayaq, 15 oyunçu qeydiyyatdan keçir. 3000:15= 200 AZN (hər oyunçu 9 ay (38 oyun) futbol oynamağa 200 manat sərf edir). 200:38= 5,26 AZN (hər oyunçu 1 oyuna 5 manat 26 qəpik sərf edir). Bildiyimiz kimi, hər bir futbol həvəskarı yoldaşları ilə normal futbol meydanında sadəcə bir oyuna 5 manatdan çox sərf edir. Bundan fərqli, Bakı Futbol Liqasında inanılmaz mükafatlar və peşəkar xidmətlərlə birlikdə 1 oyuna 5,26 manat düşür.

 

- Həqiqətən də, hesabladığımızda məbləğin əslində çox münasib olduğu görünür. Bəs, BFL-ə qoşulma şansını əldə edən və çempion olan komandaları nələr gözləyir?

- Mükəmməl mükafatlandırma mərasimi və mükafatlar! BFL peşəkar ab-havanı ölkə daxilində hüdudlandırmır. BFL çempion komandanı bütün maddi xərclər (uçuş, rezerv, hoteldə yerləşmə, qidalanma, turnirdə iştirak, şəhər gəzintisi və s.) ödənilməklə xaricə - “Kontinental Futbol Liqası”na Azərbaycanı təmsil etməyə göndərəcək. Orda komanda bir sıra Avropa, Asiya və Afrika ölkələrinin çempionları ilə mübarizə aparacaq. Ümumi mükafatlar isə belədi: 1-ci yer: “Kontinental Futbol Liqası”na vəsiqə / 10 000 AZN pul mükafatı, diplom, medal; 2-ci yer: Diplom, medal, pul mükafatı (sponsordan dəst forma); 3-cü yer: Diplom, medal, pul mükafatı (sponsordan dəst forma).

 

 - Bakı Futbol Liqasının üstünlükləri haqqında son olaraq nə əlavə etmək istərdiniz?

- BFL-də oyunlar peşəkar hakimlər tərəfindən idarə olunur. Peşəkar video və foto çəkiliş isə ictimaiyyətin oyunları asanlıqla izləməsinə şərait yaradır. Oyunları “İdman TV” şərhçiləri xüsusi olaraq şərh edəcək. Oyun icmallarının “İdman TV”də yayımlanması nəzərdə tutulur. Oyunlar zamanı zərurət yaranarsa, futbolçulara tibbi xidmət göstəriləcək. Bunun üçün həkimlər ayrılacaq. Komanda nümayəndələri və onların texniki işçiləri yalnız BFL-in təqdim etdiyi akkreditasiyalar vasitəsilə əraziyə giriş əldə edə bilərlər. Tərəfdarlar isə onlar üçün təşkil etdiyimiz tribunalardan oyunları izləyə bilərlər. Futbol aləminin dərinliklərindəki həyacanı yaşamaq istəyən komandalara qapımız həmişə açıqdı. Daha cəld hərəkət edib qeydiyyatdan keçən ilk 20 komanda bu əsrarəngizliyin içində olacaq. Ətraflı məlumat üçün əlaqə nömrələrimiz belədi: 0506712005, 0518880005.