“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü oyununda səfərdə PAOK-la qarşılaşacaq. Ağdamlılar iki həftə əvvəl doğma meydanda “quru hesab”la məğlub etdikləri rəqiblə bu dəfə Yunanıstanda üz-üzə gələcəklər.
Qrupun taleyinə aydınlıq gəlməsi baxımından olduqca kritik oyunda Azərbaycan çempionunun şansları haqqında danışarkən birmənalı fikir bildirmək olmur.
Əslində, məsul görüş öncəsi bədbinliyə qapılmaq üçün kifayət qədər əsaslar var.
Bu səbəblərdən birincisi, Qurban Qurbanovun yetirmələrinin səfər sindromudu. “Köhlən atlar” ev oyunlarında istənilən rəqiblə “döş-döşə” gəlməyi bacarsa da, Biləcəridən o tərəfdə baş tutan görüşlərdə daha çox “nal toplamaqla” yadda qalıb. Son 5 səfər oyununda qələbəyə həsrət Ağdam təmsilçisi hətta zəif “Düdelanj”ı da səfərdə yenə bilməyib.
Əgər biz əfsanəvi Aleks Ferqyussonun məşhur “Statistika mini ətək kimidi, çox şeyi göstərir, ancaq əsas şeyi göstərmir” deyimini əldə əsas tutsaq, o zaman bu uğursuz seriyanın qırılmasına da ümid edə bilərik.
Ancaq kaş ki, hər şey elə statistika olaydı. Sirr deyil ki, “Qarabağ”ın heyətlə bağlı da problemləri var. Bu qarşılaşmada komandanın “kilid” oyunçuları Miçel, Reynaldo və Rəşad Sadıqovun meydana çıxacağı sual altındadı.
Açığı, artıq azarkeşlər Reynaldonun vacib oyunlarda “aradan çıxması”na alışıblar. Nədənsə, braziliyalı qrup mərhələsinin həlledici matçlarında mütləq “bülleten”ə çıxır. Bu hal ötən mövsüm də belə olmuşdu, ondan öncəki il də.
Rəşad Sadıqov isə xeyli müddətdi komanda ilə birlikdə məşq edə bilmir. Təbii ki, bu qədər müddət kənarda qalan kapitan oyun praktikasının yoxluğundan əziyyət çəkəcək.
Miçelin yoxluğu isə o qədər də hiss olunmaya bilər. Rahid Əmirquliyev son günlər ispaniyalının mövqeyində özünü yaxşı tərəfdən göstərə bilir.
Yunanların doğma meydanda olduqca aqressiv çıxış etdikləri gerçəyi də ümidlərimizi azaldan amillərdəndi. Çox coşğulu azarkeş qrupu tərəfindən dəstəklənən yunanlar ötən mövsümdən başlayan intriqanın da yaratdığı prinsiplə ikiqat əzmlə oynayacaqlar. Bakıdakı məğlubiyyətlə barışmaq istəməyən salonikililərə doğma meydandakı xal itkisi baha başa gələ bilər.
Ancaq ağdamlıların uduzacağını da rahatlıqla iddia etmək olmaz. Hər nə qədər səfər oyunlarında zəif çıxış etsələr də, Qurban Qurbanovun komandası qalib gəlmək potensialına sahibdi. Əgər ilk dəqiqələrdən fanatların və rəqibin təzyiqindən “oyunçuların ayaqları əsməsə”, “Qarabağ”ın heç olmasa, bir xalla qayıdacağına ümid etmək olar.
ZAUR