Topaz Premyer Liqasının IV turunda keçirilən “Sumqayıt” – “İnter” oyununda ənənə davam edib. Apasport.az saytının məlumatına görə, bu komandalar arasında ardıcıl 5-ci görüşdə də meydan sahibi olan tərəf qələbə üzü görməyib.
Sonuncu dəfə ötən ilin may ayında “Sumqayıt” “İnter”i öz meydanında 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Ondan sonra Sumqayıtdakı 3 görüşün 2-də (0:1, 1:2) qonaqlar sevinib, 1-də (1:1) bərabərlik qeydə alınıbsa, “İnter Arena”da 2 oyun baş tutub və “Sumqayıt” 4 xal (2:3, 2:2) qazanıb.
Öncəki 3 səfərin hərəsində 1 dəfə fərqlənən “bankirlər” bu dəfə ev sahiblərini 2 dəfə mərkəzə dəvət ediblər. Həmçinin “İnter” ardıcıl 6-cı görüşdü ki, “Sumqayıt”ın qapısına yol tapa bilir.
Dünənki qarşılaşma “İnter”in yubiley qələbəsi kimi də əlamətdar olub. Belə ki, bakılılar 2011-ci ildən bəri “Sumqayıt”la keçirdiyi 17-ci matçda 10-cu qalibiyyətini qazanıb. Cəmi 2 dəfə qələbə sevnci yaşayan “gənclik şəhəri” təmsilçisi 5 dəfə də rəqibindən 1 xal “qoparıb”. Qapılara vurulan top fərqində də böyük fərq var: 26:11.