Topaz Premyer Liqasının XXVIII turunda “Sumqayıt”ı qəbul edəcək “Zirə” matçın hazırlığına bu gün start verib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bir günlük istirahətdən sonra məşqlərə başlayıb.
“Zirə”nin “qol maşını” Nelson Bonilla artıq komandanın düşərgəsindədi. Bir neçə gün əvvəl Salvador yığmasının heyətinə yollanmış hücumçu Azərbaycana qayıdıb. “Kəpəz”lə səfər matçını buraxan ölkə çempionatının bombardiri “Sumqayıt”la qarşılaşmada komandasına kömək edə biləcək.
“Zirə”nin digər legioneri Dieqo Souza isə bu həftə də meydana çıxa bilməyəcək. Uzun müddətdi zədəli olan braziliyalı yarımmüdafiəçi fərdi məşqlərə başlasa da, tam olaraq, sıraya dönməyib. Souzanın zədəsini gec sağaltması məşqçilər korpusunu narahat edən məqamlardandı.
Qeyd edək ki, bazar günü keçiriləcək “Zirə” – “Sumqayıt” matçı saat 16:00-da start götürəcək.