“Hücumçusansa və ardıcıl bir neçə oyunda qol vura bilmirsənsə, bu səni narahat etməyə başlayır. Xoşbəxtlikdən, millidəki “quru seriya” başa çatdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının üzvü Liam Boys deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycanın qonağı olacaq Britaniya təmsilçisi Yeni Zelandiyanı yoldaşlıq matçında məhz Boysun vurduğu qolla üstələmişdi – 1:0. Bununla da, 26 yaşlı forvard 2011-ci ildə debüt etdiyi və ilk 8 görüşdə fərqlənə bilmədiyi millidə qol hesabını açmışdı.
Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Boys iddialı danışıb. Şotlandiyanın “Ross Kaunti” klubunda çıxış edən forvard Azərbaycanla qarşılaşmada da fərqlənəcəyini hiss etdiyini bildirib: “Bu, ikinci startımdı. Adətən qol vurmağa başlayanda, yəni fərqləndimsə, ardıcıl bir neçə oyunda rəqib qapısına yol tapıram. Ümid edirəm ki, yığmadakı ilk qolumun davamı növbəti matçda gələcək. Yeni Zelandiya ilə görüşdə millidə qol hesabımı açdım. Qarşıdakı oyunda bundan artığını etmək istəyirəm”.
Son mövsümdə 23 qolla Şotlandiya çempionatının bombardiri adını qazanan Boys yığmadakı həmkarı Coş Magennislə yaxşı anlaşdığını dilə gətirib: “Xüsusən, mövsümün sonunu əla keçirdim. Şotlandiya çempionatınd aprel ayının ən yaxşı oyunçusu seçiləndə millinin çalışdırıcısı Maykl Onil mənə zəng etdi və eyni tempdə davam etməyimi istədi. Yığmada Magennislə bir-birimizi yaxşı başa düşürük. Top onda olanda ya üzünə baxıram, ya da irəliyə doğru qaçıram. Əla futbolçudu, bir-birimizə qol imkanları yaradırıq. Ümid edirəm ki, növbəti oyunda da bunu edə biləcəyik”.