[b]Nelson Bonilla Azərbaycan və Salvador çempionatlarını müqayisə etdi[/b]
27.01.2016 - 17:01
[b]Nelson Bonilla Azərbaycan və Salvador çempionatlarını müqayisə etdi[/b]

“Komandam bir neçə aydı yaranmasına baxmayaraq, ilk ilimizdəcə uğurlu mövsüm keçiririk. “Zirə”də hər şey ürəyimcədi və Azərbaycanda özümü xoşbəxt hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Zirə” klubunun hücumçusu Nelson Bonilla deyib.

 

Salvador mətbuatına açıqlama verən bu ölkənin yığma komandasının üzvü Topaz Premyer Liqası barədə də fikirlərini bildirib. Bu mövsüm aktivinə 3 qol yazdıran Bonilla özünü inkişaf etdirmək üçün ölkəmizin münasib yer olduğunu düşünür: “Azərbaycan çempionatı inkişaf etməkdədi. Bu ölkənin Premyer Liqası Salvador çempionatından daha güclüdü. Məncə, özümü burda yaxşı tərəfdən göstərməyi bacarıram”.

 

26 yaşlı forvard hədəflərinin mövsümü ilk “üçlük”də bitirmək olduğunu əlavə edib: “Zirə”də futbolçular arasında yaxşı münasibət var. Bunun nəticəsidi ki, ilk mövsümümüzdə medallara iddia edirik. Hazırda turnir cədvəlində üçüncü pillədə yer alırıq və həftəsonu ikinci yerin sahibi olan “İnter”lə qarşılaşacağıq. Aramızda isə cəmi 1 xallıq fərq var. Məqsədimiz qələbə qazanıb ikinci pilləyə yüksəlməkdi. Rəqibi məğlub edəcək gücdəyik”.

 

Qeyd edək ki, “Zirə” – “İnter” oyunu yanvarın 31-də keçiriləcək.