[b]Bu “sevgi”də kim uduzdu, kim uddu?[/b]
26.01.2017 - 14:29
[b]Bu “sevgi”də kim uduzdu, kim uddu?[/b]

Bəziləri bir addım irəli, iki addım geri atanda irəlilədiyini düşünür, amma geriləmə faktını dərk eləmir. Robert Prosineçkinin “Bursaspor”a getməməyini də irəliyə atılmış addım sayırıq, amma gerilədiyimizi görmürük.

 

İndi xorvatiyalını buraxmadığı üçün AFFA alqışlanır, bunun futbolumuza xeyir verəcəyi deyilir. Amma federasiya önünə çıxan fürsəti geri itələdiyinin fərqində deyil. Prosineçkinin “Bursaspor”a getməməyi Azərbaycan futboluna nə qazandırdı? Məncə, itkimiz qazancımızdan çox oldu. Baş məşqçini göndərmək Azərbaycan yığmasına indikindən daha çox xeyir verə bilərdi. Necə?

 

“Bursaspor” nümayəndələri 3 gün ölkəmizdə oldular, Prosineçkini, AFFA-nı razı salmaq üçün dəridən-qabıqdan çıxdılar. Hətta son həddə federasiya ilə müqavilə müddətinin sonuna qədər onun hər iki komandada çalışmasını təklif etdilər. Bursalılar Prosineçkinin bir dediyini iki etməyəcək qədər onu istəyirdilər. Bəs xorvatiyalı bu şərtlərlə getsəydi, hansı addımı atacaqdı?

 

Riçard Almeyda, Ruslan Qurbanov və Filip Ozobiçi ora aparmağı özündə qətiləşdirmişdi. Xüsusən də, ilk iki futbolçunun Superliqada çıxışı, “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” kimi klublara qarşı oynaması ən çox Azərbaycan millisinə fayda verəcəkdi. Dəniz Yılmazın da orda möhkəmlənəcəyini nəzərə alsaq, yığmamızın heyətində heç olmasa, yüksək hazırlıqlı 3 oyunçu olacaqdı.

 

Bu keçidin yeganə xeyri bu olmayacaqdı. Almeyda və Qurbanovun özünü doğrultması türkiyəlilərin də Azərbaycan futbolu ilə bağlı düşüncələrini dəyişəcəkdi. Etiraf edək ki, türklər hələ də bizim futbolumuzun 90-cı illərdə qaldığını düşünürlər, Afrikadan, Cənubi Amerikadan “mənasız” futbolçuları yığıb gətirirlər. 6 ay, 1 ildən sonra onları yola salıb, başqalarını gətirirlər. Ramil Şeydayev və ondan əvvəlkilər onlarda elə təəssürat yaradıblar ki, sanki Azərbaycan futbolçusu Superliqada oynamağa yaramır. Amma Prosineçkinin özü ilə aparacağı futbolçular oyunları ilə bu mifi dağıdacaqdılar. Nəticədə Superliqanın digər klubları da Azərbaycan çempionatı ilə maraqlanacaq, burdan futbolçular aparmağa çalışacaqdılar.

 

Berti Foqtsdan fərqli, Robert Prosineçki işinə can yandırır, çempionat oyunlarını müntəzəm diqqətdə saxlayır. Düzdü, “Bursaspor”a getməklə bunu edə bilməyəcəkdi. Bəs onun çempionatımızı izləməsinə ehtiyac varmı? Onsuz da, tanıdıqlarını tanıyıb. Digər tərəfdən bizdə seçim imkanı varmı? Çempionatdan milliyə 15-20 oyunçu güclə yığmaq olur ki, onlar da 2-3 klubda cəmləşiblər və kimlər olduğu təxminən məlumdu. Qalan yerləri də milliləşənlərlə doldururlar. Bu futbolçuları diqqətdə saxlamaq üçün 3 xorvatiyalı, 3 azərbaycanlı köməkçi kifayət etməzdimi?

 

AFFA-nın Prosineçkiyə “ok” deməməyinin digər səbəbi millimizin seçmə mərhələyə uğurlu startıdı. 4 oyunda 7 xal toplamaq federasiyanın iştahasını qabardıb. “Niyə də yox?” şüarının bizi dünya çempionatına aparacağını hələ də düşünənlər var. “Qarabağ”, “Qəbələ”, “İnter”də oynamaqla, AZAL-a, “Zirə”yə, “Kəpəz”ə rəqib olmaqla futbolçuların “artırmalarını” gözləyirsiz? Gözləməyin, bəylər! Azərbaycan çempionatında oynayan futbolçularla Avropa və dünya çempionatının final mərhələsi heç yuxumuza da girməz.

 

Ruslan SADIQOV