[b]Çakırlı erkən finalda kim sevinəcək: Klopp, yoxsa “Borussiya”?[/b]
13.04.2016 - 16:43
[b]Çakırlı erkən finalda kim sevinəcək: Klopp, yoxsa “Borussiya”?[/b]

Sabah Avropa Liqasında yarımfinalçıların adları bəlli olacaq. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin bütün cavab görüşləri eyni gündə, eyni saatda keçiriləcək.

 

Gecənin ən maraqla gözlənilən qarşılaşması İngiltərədə baş tutacaq. İlk oyunda 1:1 hesabına razılaşan “Liverpul”la Dortmund “Borussiya”sının budəfəki dueli də gərgin mübarizə vəd edir. “Qırmızılar”ın baş məşqçisi Yurgen Kloppa sabiq komandası ilə qarşılaşmada qolsuz bərabərlik də bəs edir. “Borussiya” isə yarımfinala adlamaq üçün qələbə qazanmalı, ya da 2:2 və ya daha çox qollu heç-heçə etməlidi. Hər iki komandanın heyətində bu oyunda iştirakı sual altında olan futbolçular var. “Liverpul”da Kristian Benteke, Co Qomes, Cordan Henderson, Denni İnqs və Cordan Rossiter zədəlidi. “Borussiya”da isə Neven Subotiç eyni vəziyyətlə üzləşib. Diqqətçəkən daha bir məqam isə erkən final sayılan bu görüşün türkiyəli hakim Cüneyt Çakıra həvalə edilməsidi. 

 

Digər maraqlı qarşılaşma “Sevilya” və “Atletik” arasında baş tutacaq. İspaniya duelinin ilk seriyasında sevinən tərəf “Sevilya” olmuşdu. Səfərdə qazanılan qələbə Əndəlus təmsilçisinin yarımfinala adlamaq şansını artırır. Lakin “Atletik” də “Ramon Sançes Pisxuan” stadionuna təslim olmaq üçün çıxmayacaq.

 

“Braqa”nı qəbul edəcək “Şaxtyor” da “Sevilya” kimi üstünlüyə sahibdi. Belə ki, Donetsk təmsilçisi səfərdə keçirilmiş oyunda rəqibini 2:1 hesabı ilə üstələyib. Bu isə Mirça Luçeskunun komandasının mərhələ adlamaq şansını artırır. Lakin ev sahiblərinin heyətlə bağlı problemləri var. “Şaxtyor”un heyətində Fred və Yaroslav Rakitski bu görüşü buraxacaq. Bundan başqa, Marsio Azevedo zədədən əziyyət çəkir.

“Braqa” da heyətlə bağlı sıxıntı yaşayır. Portuqalların bir neçə futbolçusu - Alan, Bayano, Krislan, Pedro Santos və Rui Fontenin zədəli olduğu bildirilir.

 

İspaniyanın turnirdəki daha bir təmsilçisi “Vilyareal” isə “Sparta”nın qonağı olacaq. La Liqa təmsilçisi ilk matçda 2:1 hesablı qalibiyyətə sevinib. Lakin səfərdə vurduğu qol “Sparta”nı da ümidləndirir. Praqadakı qarşılaşmada ev sahibləri 1:0 hesablı qələbəyə imza ata bilsələr, yarımfinala adlayacaqlar. Bu mənada, “Vilyareal” müdafiədə ehtiyatlı oynamalıdı.  

 

 

Avropa Liqası, ¼ final mərhələsinin cavab oyunları

 

 

14 aprel

 

23:05. “Liverpul” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok

Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)

Liverpul. “Enfild Roud” stadionu

İlk oyun – 1:1

 

23:05. “Sevilya” (İspaniya) – “Atletik” (İspaniya)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul

Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Sevilya. “Ramon Sançes Pisxuan” stadionu

İlk oyun – 2:1

 

23:05. “Şaxtyor” (Ukrayna) – “Braqa” (Portuqaliya)

Hakimlər: Pavel Kraloveç (Çexiya), Roman Slişko (Slovakiya), Martin Vilçzek, Tomaş Mokruş

Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)

Lvov. “Arena Lvov” stadionu

İlk oyun – 2:1

 

23:05. “Sparta” (Çexiya) – “Vilyareal” (İspaniya)

Hakimlər: Martin Atkinson, Mikael Mallarki, Stefen Çayld, Stüart Bart

Əlavə köməkçi hakimlər: Mikael Oliver, Kreyq Pauson (hamısı İngiltərə)

Praqa. “Generali Arena” stadionu

İlk oyun – 1:2