Sabah Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, finala gedən yoldakı son matçlar iyulun 6-7-də keçiriləcək.
İlk oyun günündə Portuqaliya ilə Uels milliləri üz-üzə gələcəklər. Bunu bir növ Kriştianu Ronaldo – Qaret Beyl qarşıdurması kimi də qələmə vermək olar. “Real”da bir yerdə çıxış edən ulduz futbolçuların oyunundan çox şey asılı olacaq. Xüsusən də, Beylin üzərinə daha çox iş düşəcək. Çünki “əjdahalar”ın əsas heyət üzvlərindən ikisi – Aron Remsi və Ben Deyvis cəza ucbatından meydana çıxa bilməyəcək. Bu isə Beylin tək qalmasına səbəb ola bilər. Buna baxmayaraq, turnirin sürpriz komandası olan Kris Koulmenin yetirmələri Belçikadan sonra Portuqaliyanı da mübarizədən kənarlaşdırmaqda israrlıdılar.
Yarımfinala qədər hələ heç bir qarşılaşmanı 90 dəqiqəlik mübarizə ilə qalib tamamlamayan portuqaliyalılar da final arzusu ilə yaşayırlar. Komandanın aparıcı müdafiəçisi Pepenin məşqdə zədələnməsi baş məşqçi Fernando Santosun planlarını pozub. Pepe sabah meydanda olmasa, Portuqaliya yığması üçün çətin olacaq. Üstəlik, yarımmüdafiəçi Vilyam Karvalyo da cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək.
Digər yarımfinal görüşündə isə turnirin əsas favoritləri qarşılaşacaqlar. Meydan sahibi Fransa son dünya çempionu Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ötən mərhələdə İslandiyanı asanlıqla məğlub edən fransızlar turnir ərzində ilk ciddi sınaqlarına çıxacaqlar. Almaniya yığması 1/4 finalda güclü İtaliyaya qalib gələrək iddiasını ortaya qoyub. Didye Deşamı sevindirən məqam futbolçuların oyundan-oyuna əla forma yığması, həmçinin zədəli və cəzalının olmamasıdı.
Amma onun həmkarı Yoahim Löv bu qədər rahat deyil. Çünki Bundestimin heyətlə bağlı kifayət qədər problemi var. Müdafiəçi Mats Hummels cəza, yarımmüdafiəçi Sami Kedira və hücumçu Mario Qomes isə zədə ucbatından meydana çıxmayacaq. Həmçinin Hummelsin alternativi sayılan Benedikt Hövedes, eləcə də əsas kapitan Bastian Şvaynştayger də zədədən əziyyət çəkir. Onların Fransa önündə iştirakı sual altındadı. İstənilən halda, azarkeşlər Fransa – Almaniya matçının timsalında növbəti “erkən final” izləyəcəklər.
Avropa çempionatı
Yarımfinal mərhələsi
6 iyul
23:00. Portuqaliya - Uels
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu
7 iyul
23:00. Almaniya - Fransa
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)
Hakim-inspektor: Hyuq Dallas (Şotlandiya)
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)
Marsel. “Velodrom” stadionu