Ramil Diniyev "Qarabağ" üçün düşərli hakimdi. Apasport.az saytnın məlumatına görə, Ağdam klubu onun idarə etdiyi növbəti görüşdən qalib ayrılıb.
Qurban Qurbanovun komandasının Topaz Premyer Liqasının XXX turunda "Neftçi" üzərindəki (2:1) qələbəsinə şahidlik edən referinin bu mövsüm 5-ci dəfə səsləndirdiyi final fiti ağdamlıların sevinməsinə səbəb olub. I dövrədə “Rəvan” (2:1), “Xəzər Lənkəran” (1:0) və “Zirə”dən (4:1) üstün olan "Qarabağ" iki tur öncə də cənubluları 2:1 hesabı ilə yenib. Bu matçların baş hakimi ağdamlılara 9, rəqiblərinə 10 sarı vərəqə göstərib, “Zirə”nin qapısına penalti də təyin edib.
Diniyev “Neftçi”nin isə 4 oyununu idarə edib. “Sumqayıt” üzərində (2:1) qələbə qazanılan III turun görüşündə hər komandaya 2 xəbərdarlıq edən referi IX turda “ağ-qaralar”a qarşı sərt olub. AZAL-ın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə “Neftçi” hər iki qolu penaltidən buraxıb, Jairo Filyo Rodrigesin qırmızı vərəqəsi üzündən azlıqda qalıb. Həmin matçda “təyyarəçilər” 3, ölkənin ən titullu klubu 4 vərəqə alıb. XV turda baş tutan “Neftçi” – “Zirə” qarşılaşmasında (1:1) Diniyev “ağ-qaralar”a 4, debütanta isə 3 sarı vərəqə göstərib. "Qarabağ"la bugünkü görüşdə isə 8 dəfə sarı vərəqə üçün əlini cibinə atan Diniyev bunun 6-nı "Neftçi" oyunçularının passivinə yazıb.
Ümumilikdə isə cari mövsümdə 13-cü çempionat matçına çıxan Ramil Diniyev bunun 12-də baş hakim funksiyasını yerinə yetirib. 6 dəfə meydan sahibləri, 6 dəfə də qonaqların qələbəsini qeydə alan referi yalnız 1 matçda heç-heçəyə şahid olub.
Diniyev cari mövsümdə idarə etdiyi qarşılaşmalarda hər 3 penaltisini qonaqların qapısına verib. Onun göstərdiyi hər iki qırmızı vərəqə də meydan sahiblərinin lehinə olub. Referinin cibindən 60 sarı vərəqə çıxıb ki, bunun 32-si ev sahiblərinin, 28-i qonaqların payına düşüb.
Maraqlıdı ki, onun 2016-cı ildə idarə etdiyi 4 qarşılaşmanın hamısında qonaqlar qalib gəlib.