[b]"Qarabağ" - "Neftçi": Diniyevin "quş"ları[/b]
29.01.2017 - 21:36
[b]"Qarabağ" - "Neftçi": Diniyevin "quş"ları[/b]

Premyer Liqanın XV turunun "Qarabağ" - "Neftçi" oyununda mübahisəli penalti qərarı geniş müzakirələrə səbəb olub. Apasport.az saytının xəbərinə görə, bəziləri 73-cü dəqiqədə baş hakim Ramil Diniyevin "Neftçi"nin qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini haqlı, bəziləri isə haqsız sayır.

 

Sabiq FİFA referisi Tahir Süleymanov da oyunla bağlı öz fikirlərini bölüşüb. O, feysbuk profilindəki paylaşımında qarşılaşmada qeydə alınan səhvlərə toxunub:

 

1. "Qarabağ" - "Neftçi" oyununun prinsipiallığını, flaqmanın yeni qurulmuş heyətini nəzərə alaraq daha təcrübəli, nüfuzlu FİFA referilərindən biri bu oyuna baş hakim kimi təyinat almalı idi.


2. Görüşdə idarəçilik baxımından baş verən xırda, metodiki səhvləri nəzərə almadan 1-ci hissədə 2 kobud səhv oldu... Meydanın mərkəz hissəsində Fəhmin Muradbəyliyə ("Neftçi") qarşı açıq kobudluğa görə rəqib futbolçu mütləq sarı vərəqə ilə cəzalandırılmalı idi. "Qarabağ"ın hücumu zamanı Nildoya görə qeydə alınan ofsayd qərarı yanlış idi.
 

3. 2-ci hissədə Rəhman Hacıyevə qarşı cərimə meydanı daxilində açıq kobudluğa görə "Qarabağ"ın qapısına 100 faizlik penalti təyin olunmalı idi.
 

4. Məqsəd İsayevin ("Neftçi") əl epizodu 1 faiz  də olsa xəttin üzərində idisə ( Böyüdülmüş variantda yenidən baxmaq lazımdı), penalti qərarı doğrudu.
 

5. Hər iki penalti epizodunda baş hakimin mövqeyi ideala yaxındı. Cərimə meydanı xəttini və əllə oyunu zərgər dəqiqliyi ilə "görən" baş hakim idarəçilik baxımından daha asan olan Rəhman Hacıyevə qarşı açıq-aşkar kobudluğu eyni zərgər dəqiqliyi ilə görməli idi.
 

6. Baş hakimin 2 penalti epizoduna fərqli yanaşması psixoloji baxımdan ictimaiyyət arasında haqlı narazılıq yaradır.
 

7. "Neftçi"nin qapısına penalti təyin etdikdən sonra Ağabalanın hakimə yaxınlaşdığı hərəkətini referi idarəçiliyə müdaxilə kimi dəyərləndirməli və 2-cı sarı vərəqə göstərməklə meydandan kənarlaşdırmalı idi.
 

8. "Neftçi"nin baş məşqçisi, futbolçusu texniki zonanı tərk edərək ehtiyat hakimə etirazı baş hakimə bildirilməli və müvafiq qaydada cəzalandırılmalı idi.
 

Bəzi klublarımızın Antalyada təlim-məşq toplanışı keçə bilmədiyi halda hakimlər Türkiyədən yeni qayıdıb. Hakimlər Komitəsi, meydanda olan hakimlər buna uyğun idarəçiliyi ilə seçilməlidi...