DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək millimiz oyuna itki ilə çıxa bilər. Apasport.az saytının məlumatına görə, komandamızın aparıcı üzvlərindən olan Dmitri Nazarov zədədən əziyyət çəkir.
Bu barədə əməkdaşımızla söhbətində yığmanın baş məşqçisi Robert Prosineçki məlumat verib. O bildirib ki, Almaniyanın “Aue” klubunda çıxış edən Nazarov millinin Avstriya toplanışının son günlərində xəsarət alıb.
Bakıya qayıtdıqdan sonra 1 günlük istirahətə buraxılan yığmamız bu gündən məşqlərini bərpa edəcək. Nazarovun durumuna da gün ərzində aydınlıq gələcək. Belə ki, 27 yaşlı yarımmüdafiəçi MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək. Məhz bundan sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinəcək.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.