[b]Dördü birdən[/b]
19.02.2017 - 22:00
[b]Dördü birdən[/b]

“Qarabağ”ın Premyer Liqadakı 4 uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin 11 oyunluq məğlubiyyətsizliyinə XIX turun “Qəbələ” ilə səfər matçında son qoyulub.


VII turun oktyabrın 2-də keçirilən görüşündə də məhz Qəbələdə 0:2 hesabı ilə uduzan ağdamlılar yenə eyni arenada həmin rəqibə eyni hesabla yenilib. Bununla, 9 qələbə və 2 heç-heçədən ibarət 11 oyunluq seriya başa çatıb.


140 gündən sonra uduzan “Qarabağ” həm də 3 matçlıq qələbə seriyasının qırılmasına üzülüb. Belə ki, əyalət təmsilçisi son 3 oyunda AZAL-ı 2:1, “Zirə”ni 2:0 və “Kəpəz”i 1:0 hesabı ilə yenmişdi.


2017-ci ildə keçirdiyi bütün matçlarda qol sevinci yaşayan ağdamlılar ötən ilin “İnter”lə son oyunundan (0:0) sonra ilk dəfə meydanı fərqlənmədən tərk edib.


“Qarabağ”ın daha bir seriyası isə “3”ə çatmadan dayanıb. Belə ki, 2 tur qol buraxmayan son 3 mövsümün çempionu bu dəfə qapısında 2 top görüb. AZAL-lı Rəşad Abdullayevin qolundan sonra "Qarabağ" Sergey Zenyovun fərqlənməsinədək komandasının 292 quru dəqiqəsini izləyib.