DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının A qrupunda bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, qrup lideri İran millisi Özbəkistan yığmasını qəbul edib.
Tehranın “Azadi” stadionunda keçirilən matç cənub qonşularımızın 2:0 hesablı qələbəsiylə nəticələnib. Oyunda İran millisinin qollarına 23-cü dəqiqədə Sərdar Azmun və 88-ci dəqiqədə Mehdi Taremi imza atıblar.
Bu qələbəylə xallarının sayını 20-yə çatdıran İran yığması 2 tur öncədən DÇ-2018-ə vəsiqəni təmin edib.
Rusiyada keçiriləcək mundial İranın qatıldığı 5-ci dünya çempionatı olacaq. Cənub qonşularımız daha öncə 1978, 1998, 2006 və 2014-cü illərdə keçirilən mundialların iştirakçısı olmuşdu.
Qeyd edək ki, ev sahibi Rusiyanı nəzərə almasaq, İran Braziliyadan sonra dünya çempionatına vəsiqəni təmin etmiş 2-ci komanda olub.