Milli çempionatlarda davam edən seriyaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın müxtəlif ölkələrinin fərqli liqalarında qeydə alınan seriyalar sırasında Azərbaycan klubları da yer alıb.
Təmsilçilərimizdən biri – AZAL isə dünya lideri olmağı da bacarıb. Amma paytaxt təmsilçisi müsbət deyil, mənfi mənada fərqlənib.
Rəngarəng göstəricilər üzrə seriyalar tərtib edən həmkarlarımız “təyyarəçilər”in 25 matçdı 1-dən artıq qol vurmamasına fikir verib. Hazırda dünyada ikinci belə komanda yoxdu ki, bu qədər müddət “2”yə də həsrət qalsın.
AZAL-ın 1-dən çox qol vurduğu son qarşılaşma isə 2016-cı il aprelin 3-nə təsadüf edib. Həmin gün bakılılar evdə “Kəpəz”ə qalib gəlib – 2:0.
Sonrakı 25 görüşdən 12-də 1 top vuran AZAL 13 dəfə meydanı qolsuz tərk edib. Cədvəldə təmsilçimizdən sonrakı yerləri Estoniya “Tarvas”ı və Rumıniya “Konkordiya”sı tutur. Bu komandalar 24 matçdı 2 və ya daha çox qol vura bilmir.