"Qarabağ"ın tərcüməçisi Əfqanın müsahibəsi yaxşı yadımdadı. Jurnalistin "öyrənmək istədiyin növbəti dil hansıdı" sualına "alman" cavabını vermişdi. Onunla münasibətim olmadığı üçün "nemes"lərin dilini öyrənib-öyrənmədiyini dəqiq bilmirəm. Əgər öyrənibsə, lap yaxşı, öyrənməyibsə, alman dili kursunu mütləq şəkildə təxirə salıb, təcili adam dili kursuna yazılmalıdı.
Çünki adam dilini bilmək ona karyerasının növbəti illərində çox lazım olacaq. Təsəvvür edin ki, bu adam artıq "şişib", özünü "Qarabağ"ın uğurlarının memarı kimi hiss edir. Belə olmasaydı, şəxsi feysbuk səhifəsində Miçel Madera ilə mətbuat konfransında çəkilən şəkilini paylaşıb, "tərcümə edəcəyim növbəti axmaq sualı gözləyərkən mən" yazmazdı.
Hələ bu, harasıdı? Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov da onunla eyni fikirdədi. Vaxtilə mətbuatda çalışan, sonra jurnalistliyi kluba dəyişən İbrahimov, "Qarabağ" rəsmisi hesab edilən Əfqana irad bildirmək əvəzinə, statusunu "layk" edib ki, "brat", düz deyirsən!"
Halbuki, klubun mətbuat sözcüsü belə durumlarda fərqli addım atmalıdı. Ən azından vaxtilə jurnalist kimi fəaliyyət göstərdiyi, "Futbol+" çörəyi yediyi üçün. Görünür, Nurlan keçmişi unudub, özünü indiki zamanın əvəzedilməz ulduzu hesab edir. Niyə də etməsin axı? Yəqin klubun mətbuat katibi olmaq üçün birbaşa göydən zənbillə düşdüyünü zənn edir. Məgər, sən "Qarabağ"ın qapısını iş üçün döyəndə əynində ölçüsü yekə olan köynəkli jurnalist deyildinmi? İbrahimov bunları xatırlamaz. Xatırlamadığı üçün də jurnalistlərin təhqir edilməsinə razılaşır.
Görünür, "Qalatasaray" azarkeşləri "bizim UEFA kupamız var" dediyi kimi, Nurlan da "biz itirilmiş torpaqların adın daşıyırıq" cümləsinin arxasında gizlənənlərdənmiş... Halbuki, "Qarabağ"ı uğurlara daşıyanlar heç vaxt belə tərbiyəsizlik etməyiblər. Nə klub rəhbərliyi, nə baş məşqçisi, nə də kapitanı... Onlar daim media nümayəndələrinə qarşı xüsusi diqqəti, hörməti ilə seçilirlər. Adicə Qurban bəy dəfələrlə jurnalistlərə "siz olmasaz, biz olmarıq" deyib. Amma adi tərcüməçi, adam dilindən başqa bir neçə dili bilən şəxs durub jurnalistləri təhqir etməkdən çəkinmir.
Yeri gəlsə, biz də zamanla futbolçuların qəribə fikirləri ilə qarşılaşmışıq. Yeri gəlsə, klub rəhbərliyinin də nöqtəsi, vergülü olmayan açıqlamalarını diktafonun yaddaşına köçürmüşük. Amma biz heç kimi "axmaq" deyə, təhqir etməmişik. Bu gün Azərbaycan idman mətbuatının durumu göz qabağındadı. Klub rəsmiləri isti VİP-lərdə oturduğu halda, idman mediasının fədailəri yağış, qar, külək demədən stadionlara axışır, onların cibini, eləcə də qarnını doydurmayacaq oyunları işıqlandırmaqla ölkə futbolunun inkişafına çalışır.
Yox, əgər çıxıb hansısa danışığını bilməz tərcüməçi yağışda piyada stadionlara üz tutan jurnalistləri təhqir edəcəksə, oyundan sonra öz maşınına əyləşib evinə qaçan klubun mətbuat katibi də bunu "layk"lıyacaqsa, onda biz bu işdə yoxuq, arkadaş!
Düz demirəm, Tahir Gözəl?
Bir DOST