“Qarabağ”ın futbolçusu Əfran İsmayılov avrokuboklarda ən çox qol vuran azərbaycanlı futbolçu adına şərik çıxıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu gün qitə miqyaslı turnirlərdə 7-ci qolunu vurub.
O, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə görüşündə fərqlənib. Komandasının mövsümdəki ilk qoluna penaltidən imza atan Əfran 7-ci dəfə sevinib.
İsmayılov bununla da Rəşad Sadıqovla Rəşad Sadiqova məxsus rekordu təkrarlayıb. Hər üç futbolçu avrokuboklarda 7 dəfə rəqib qapılarına yol tapıb.
Ən məhsuldar azərbaycanlılar klublarımızın heyətində ən çox qol vuranlar arasında 2-ci yerə şərikdilər. Belə ki, braziliyalı Reynaldo “Qarabağ”da 11 avrokubok qoluna imza atıb.
2-ci yerin şərikləri arasında da bir braziliyalı var. Milliləşən legioner Riçard Almeyda da azərbaycanlı “üçlük” kimi 7 qola sevinib.