[b]Əlçatmaz Rəşad![/b]
11.07.2017 - 21:16
[b]Əlçatmaz Rəşad![/b]

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Samtredia” ilə oyun “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi matça start heyətində başlayaraq, kapitanı olduğu Ağdam təmsilçisinin heyətində 60-cı avrokubok oyununa çıxıb.

 

Rəşad bu matça qədər Çempionlar Liqası və Avropa Liqasında 59 dəfə indiki klubunun formasını geyinib. Arxa xətt oyunçusu təkcə “Qarabağ”ın deyil, Azərbaycan futbolunun rekordçusudu. Heç bir futbolçu qitə miqyaslı klub turnirlərində eyni komandanın heyətində bu qədər matç keçirməyib.

 

Sadıqov bu oyunlarda 5 dəfə qol sevinci yaşayıb. Onun həm ilk matçı, həm də ilk qolu 2009/10 mövsümündə “Rusenborq”la görüşlərə təsadüf edib.

 

2009-cu il iyulun 16-da Avropa Liqasının Norveçdəki səfər oyununda (0:0) debüt edən müdafiəçi bir həftə sonra Bakıdakı cavab qarşılaşmasının (1:0) taleyini vurduğu qolla həll edib.

 

Qeyd edək ki, Rəşad “Qarabağ”a qədər “Neftçi” və “Kayserispor”un futbolçusu kimi də avrokubok həyəcanı yaşayıb.