“Millidən qovulmağım xəbəri doğru deyil. Komandadan zədəli olduğum üçün ayrı düşmüşəm”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Elnur Cəfərov deyib.
Gənc yarımmüdafiəçi intizamsız davranışlarına görə, baş məşqçi Yaşar Vahabzadə tərəfindən komandadan qovulduğu ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Cəfərov bunun doğru informasiya olmadığını və heç kimlə problem yaşamadığını söyləyib: “Bunu iddia edənlər mənimlə prinsip aparanlardı. Belə şeylərə fikir vermirəm. Ayağımda problem var, bu üzdən Avstriyaya gedə bilmədim”.
Ötən mövsümü Xorvatiyanın aşağı liqa təmsilçisi "Duqopolye"də keçirən “Xəzər Lənkəran”ın yetirməsi karyerasını harada davam etdirəcəyini hələ dəqiqləşdirməyib. 20 yaşlı oyunçu bu ölkənin yüksək liqasında oynamaq ehtimalının olduğunu əlavə edib: "Duqopolye"nin baş məşqçisi zəng vurmuşdu. O, komandada qalmağımda maraqlıdı. Amma mən Xorvatiyanın yüksək dəstəsində oynamaq istəyirəm. Aşağı liqaya getmək fikrim yoxdu. Belə bir variant var. Oradan xəbər gözləyirəm. Bu barədə geniş danışmaq istəmirəm. Vaxtı gələndə özünüz hər şeyi görəcəksiniz”.
Qeyd edək ki, Elnur Cəfərov 2012-2016-cı illərdə “Xəzər Lənkəran”da çıxış edib.