[b]Elxan Abdullayevin böyük yalanı[/b]
17.10.2016 - 11:17
[b]Elxan Abdullayevin böyük yalanı[/b]

- Yeni transfer Pessalli barədə nə deyə bilərsiz?
- 15 dəqiqəyə görə qiymət verə bilmərəm. Gələcəkdə daha çox şans qazanacaq.

- Komandaya yeni futbolçular cəlb olunacaqmı?
- Səviyyəli futbolçu tapmaq çətindi. Olsa, heyətə qata bilərik.


Bu sual-cavab "Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin "Zirə”yə məğlubiyyətdən sonra keçirdiyi mətbuat konfransındandı. Adamın həyatda cəmi iki uğuru var. Birincisi bu dünyaya Ruslan Abdullayevin oğlu kimi gəlməsidi. İkincisi də Azərbaycanın ilk PRO kateqoriyalı məşqçisi olmasıdı. Amma Azərbaycan futbolu onun bu kateqoriyasının heç bir faydasını görməyib. 


Onun AZAL-da Nazim Süleymanovu necə əvəzləməsi hamımızın gözünün qarşısında baş verib. Ardını da yaxşı bilirik. “Mançester Yunayted”in Bakıda açılan, daha çox MMC xarakterli biznes layihəsini xatırladan məktəbdə məşqçilik edirdi. Ona etimad göstərənləri yanıltmadı. Bu oyuncaq layihəyə ciddilik gətirmək üçün çox canfəşanlıq etdi. "Mükafatlandırılması" çox çəkmədi. Onu Robert Prosineçkiyə köməkçi göndərdilər. Məlum məsələdi ki, Azərbaycan millisində çalışan əcnəbi çalışdırıcıların yerli köməkçiləri bu posta görüntü xatirinə təyin edilrlər. Onlar heç bir həlledici mövqeyə, kəsərli söz demək səlahiyyətinə sahib olmur. Bir vaxtlar Berti Foqts Vaqif Sadıqovun ehtiyat oyunçular skamyasında əyləşməsinə icazə verməməklə məsələnin mahiyyətini açıq-aşkar ortaya qoymuşdu. 


Guya Azərbaycanda başqa məşqçi yox imiş kimi, Abdullayevi "Neftçi”nin ağır vəziyyətində xilaskar rolunu oynamağı göndəriblər. Nə məcburdu ki, məşqçi kimi xüsusi istedadıyla seçilməyən bir adamı həm "Neftçi”də, həm də millidə işlədirlər? Millinin oyunları ilə bağlı yaranan fasilədə digər klubların məşqçiləri əyər-əksiklərini düzəldirdilər, Abdullayev isə Prosineçkinin yanındaydı. Olmazdımı "Neftçi”yə vaxtını kluba daha çox ayıra biləcək mütəxəssis təyin ediləydi? Bu sualın cavabını bilmək üçün çox da baş sındırmağa ehtiyac yoxdu. Hadisələri bir balaca soyuq başla təhlil etmək yetərlidi.


11 oktyabrda Azərbaycan millisi səfərdə Çexiya ilə qarşılaşırdı. Elxan Abdullayev də komanda üzvləriylə birlikdə Bakını tərk etmişdi, yalnız oktyabrın 12-də vətənə qayıdıb. Səfərdən qayıdarkən həmkarlarımıza müsahibə verən Elxan bəy aşağıdakı dialoqun iştirakçısına çevrilir:


- Bu günlərdə "Neftçi”nin heyətinə 3 legioner baxışa cəlb olunmuşdu. Onlarla bağlı yekun qərarı vermisizmi?
- Birincisi, onları hələ görməmişəm. Çünki neçə gündü yığmanın düşərgəsindəyəm. Düzdü, "Sumqayıt”la yoldaşlıq matçında həmin futbolçular iştirak ediblər. Qayıdandan sonra köməkçilərimlə bu barədə danışacam və barələrində məlumat toplayacam. 


- Özünüz də həmin futbolçuları yoxlayacaqsız, yoxsa köməkçilərinizin rəyinə əsasən, qərar verəcəksiz?
- Əlbəttə ki, özüm də baxacam. Onlara bir qədər vaxt verəcəm. Heç olmasa, 1 həftə vaxt lazımdı. Həftənin sonuna kimi, yekun qərarımı açıqlayacam. 


Oktyabrın 14-də isə "Neftçi” Mahir Şükürovla yanaşı serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalliylə müqavilə imzaladı. Göründüyü kimi, cənab Abdullayevin onlara bir həftə göz qoyacağı, yekun qərarın özü tərəfindən verəcəyi haqda dedikləri yalandan başqa heç nə deyilmiş. Elə onun "Neftçi”yə baş məşqçi göndərilməsinin də sirri budu. Nüfuzunu itirməkdən, yalan danışmaqdan çəkinməsin. Ağa "dərəyə sür” deyəndə, özünü uçurumdan atmağa da hazır olsun.

sport7.az