80 illik yubileyini qeyd edən “Neftçi” bu əlamətdar tarixə antirekordla kölgə salıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan çempionatlarında ən bərbad nəticəsini rəsmiləşdirib.
Bu antirekord Premyer Liqanın XXIV turuna rəsmiləşib. “Sumqayıt”la səfər oyununda 0:2 hesabı ilə uduzan “ağ-qaralar” mövsümdə 14-cü dəfə meydanı başıaşağı tərk edib.
“Neftçi” tarixi ərzində heç vaxt Azərbaycan çempionatlarında bu qədər uduzmamışdı. 24 turda 14 dəfə azarkeşlərini üzən komanda 1992-ci ildən çıxış etdiyi yarışda yeni antirekord müəyyənləşdirib.
Müstəqilliyin 25 ilində “ağ-qaralar” ən pis halda, 13 məğlubiyyətə üzülmüşdü. Həmin antirekord ötən çempionat qeydə alınmışdı. Həmin vaxt 1993/94 mövsümünün 12 məğlubiyyətdən (8-i texniki nəticə) ibarət antirekord yenilənmişdi. Ardıcıl 2-ci mövsümdü ki, bakılılar antirekordunu yeniləyə-yeniləyə gedir.
Amma mövsüm hələ başa çatmayıb. Bu da o deməkdi ki, “Neftçi” komandanı sevənləri yeni antirekordla da məyus edə bilər. “14”ün son turlarda artması mümkün hesab olunur. Paytaxt təmsilçisini irəlidə 4 matç gözləyir.
Düzdü, “Neftçi”nin bir çempionatda 14-dən çox uduzduğu illər də olub. Amma buna SSRİ vaxtında təsadüf edib. 1991-ci ildə son ittifaq çempionatının 1-ci liqasında oynayan “ağ-qaralar” 42 matçda 20 dəfə uduzmuşdu. Amma faiz etibarilə baxanda həmin vaxt da indikindən az idi. Yüksək dəstədəki son belə fiasko isə 1988-ci ildə yaşanıb. Həmin vaxt bakılılar 30 qarşılaşmadan 18-də yenilmişdi.
Mövsümdə 14-cü dəfə uduzan, bununla da biabırçı antirekorda imza atan Elxan Abdullayevin yetirmələri yubiley uğursuzluq da yaşayıb. Belə ki, “Neftçi” Azərbaycan çempionatlarında 150-ci məğlubiyyətini alıb. Bu da 717-ci matça təsadüf edib.