AFFA-nın baş katibi Elxan Məmmədov oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı siz nələri qeyd etmək istərdiniz?
- Azarkeşlərə təşəkkür edirik, onlar 90 dəqiqə ərzində dəstək oldular. Oyuna gəldikdə, komandamız yaxşı çıxış etdi, mübarizə apardı. Söz verdikləri oyunu göstərə bildilər. Təəssüflər olsun ki, qələbə qazana bilmədik. Əksinə son dəqiqədə qol buraxdıq. Həmin an bilmirsən futbolu sevəsən, ya sevməyəsən. Buna görə də futbol xüsusi oyundu, 90 dəqiqə oynayırsan, əlavə 2 dəqiqə qol buraxırsan. Bizim şanslarımız oldu, təəssüflər ki, istifadə edə bilmədik.
- Bu oyuna qədər şanslarımız çox idi, indi də şasımız qalır, amma mümkündürmü?
- Riyazi baxımdan şansımız qalır, amma reallıq, praktika fərqlidi. Qarşıda 4 oyunumuz qalıb. Ola bilsin, şansımız azalsın.
- Ola bilərmi, indidən AÇ-2020 haqda düşünə və hazırlığa başlayasınız?
- Yaxşı sualdı. Biz “Niyə də yox?” devizini elə-belə seçməmişdik. Məqasədimiz 2020-ci ilə hazırlaşmaq idi.
- Bu oyundan sonra Prosineçki millidə qalacaq? Çünki onun “Bursaspor”a keçəcəyi haqda xəbərlər yayılıb…
- Sözün açığı, bununla bağlı müzakirə aparılmayıb. Prosineçkinin bizimlə müqaviləsi ilin sonunda başa çatacaq. Yenidən bu məsləyə qayıtmağa dəyməz. Çünki aramızda belə söhbət olmayıb. Həm də “Bursaspor”un rəhbərliyi də xəbərin yanlış olduğunu bildirdi. Hətta onlar bizimlə danışıq apardıqlarını bildirmişdilər. Halbuki onlarla nəinki üzbəüz, heç telefonla da danışığımız olmayıb.
- Prosineçki ilə yollar ayrıldıqdan sonra Qurban Qurbanovun milliyə gətiriləcəyi bildirilir…
- Bunu indi eşidirəm.
- Renat Dadaşovun meydana çıxacağını səbirsizliklə gözləsək də, Prosineçki ona şans vermir. Problem var?
- Bu suala dunən baş məşqçi mətbuat konfransında cavab verib. O qeyd edib ki, Renat perspektivli oyunçudu, amma onun öz vaxtı var. Gəlin tələsməyək, vaxtını gözləyək. Baş məşqçinin öz planı var.
- AFFA prezidenti Rövnəq Abdullayev oyunu izləyirdimi?
- Bəli izləyirdi.
- Komanda ilə görüşdümü?
- Oyundan sonra komanda ilə görüşə bilmədi. Qonaqlarımız var idi, onları yola salırdı. Mən komanda ilə görüşdüm, Rövnəq müəllimin adından təşəkkürümü bildirdim. Həqiqətən də çox yaxşı oynadılar. Futbolda belə hallar olur. Son saniyələrdə qol buraxmağımız bizi də üzür.
- Oyunun ədalətli nəticəsi hansı hesab idi?
- Heç-heçə olsaydı, deyəcəkdik, udmalı idik. İndiki nəticəni gördükdən sonra heç-heçəni də yaxşı nəticə hesab edəcəkdik.