Topaz Premyer Liqasının 2 gün əvvəl keçirilən XXVIII turu iki futbolçunun meydana sonradan daxil olub, qol vurması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, Mirzağa Hüseynpur AZAL – “Kəpəz”, Nurlan Novruzov isə “Zirə” – “Sumqayıt” oyununda qonaqları məyus edib.
Sonuncunun vurduğu qol həlledici xarakter daşıyıb və komandasına 1:0 hesablı qələbə qazandırıb. Hüseynpur son dəqiqəsində meydana daxil olduğu matçda penalti ilə hesabı darmadağına çatdırıb – 3:0.
Bununla, cari mövsümdə əvəzetmədən meydana daxil olanların vurduğu qolların ümumi sayı 40-a çatıb. 38 dəfə meydana sonradan daxil olan oyunçu baş məşqçisinin ümidini doğruldub 1 qolla fərqlənibsə, Luis Alberto Diez dubl müəllifi kimi tarixə düşüb. O, XXIII turun “Neftçi” ilə görüşündə 33 dəqiqəyə 2 qol vurub.
Mirzağa isə iki klubda buna nail olmağı bacarıb. O, həm “Sumqayıt”, həm də AZAL-da sonradan daxil olub, qol sevinci yaşayıb.
Diez və Heseynpurdan başqa, Julien Ebah (“Kəpəz”), Fakundo Pereyra, Samir Zərgərov (hər ikisi “Qəbələ”), Reynaldo Silva, Samuel Armenteros (hər ikisi “Qarabağ”) hərəyə 2 qarşılaşmada məşqçinin etimadını doğruldub.
Bu göstəricidə mütləq rekord isə Aleksey Antonova məxsusdu. “Qəbələ”nin ukraynalı hücumçusu 3 dəfə əvəzetmədən qol vurmağı bacarıb.
Klublar arasında rekord da “Qəbələ”yə məxsusdu. Əyalət klubu hamıdan çox – 9 dəfə Roman Qriqorçukun əvəzetmədən meydana buraxdığı oyunçuların qoluna sevinib. “Qarabağ” isə Qurban Qurbanovun “döyüşə atdığı” futbolçuların 7 qolunu bayram edib. “Sumqayıt”la “Zirə” hərəyə 5, “İnter”lə “Kəpəz” hərəyə 4, AZAL 3 belə uğuru ilə öyünə bilər. “Rəvan”da 2, “Neftçi”də 1 uğurlu oyunçu dəyişikliyi qeydə alınıb.