Sabah Premyer Liqada III dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, çempionatdakı 41 günlük fasiləyə son qoyacaq XV tur Qəbələdə başlayıb, Bakıda bitəcək.
İlk oyun günündə 2 görüş baş tutacaq. Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Sumqayıt”ı qəbul edəcək. Bu komandaların ilk dövrədəki matçı “Qəbələ”nin qələbəsi ilə yekunlaşdığı halda, növbəti oyunda heç-heçə qeydə alınmışdı. Meydana 3 xal üçün çıxacaq “qırmızı-qaralar”da qış fasiləsində böyük dəyişiklik baş verməyib. Komandadan 2 futbolçu – Petar Franyiç və Sadiq Quliyev ayrılıb ki, onların hər ikisi “Qəbələ”də əsas heyətə düşməkdə çətinlik çəkirdi. Əvəzində “Neftçi”nin kapitanı Araz Abdullayev transfer edilərək, komandanı gücləndirib. “Sumqayıt” isə Vaqif Cavadov və Amit Quluzadə kimi aparıcı futbolçularla vidalaşıb. Onların gedişinin “gənclik şəhəri” təmsilçisinə necə təsir etdiyi “Qəbələ” ilə oyunda görünəcək.
İki aparıcı üzvü – Ağabala Ramazanov və Ruslan Abışovla yolları ayrılan “İnter” qış fasiləsindən sonra ilk oyununu “Kəpəz”ə qarşı keçirəcək. Zaur Svanadzenin yetirmələri “Qarabağ” və “Qəbələ”dən çox uzaq düşməmək üçün qələbə qazanmalıdılar. Lakin “Kəpəz” “bankirlər” üçün asan rəqib deyil. Bunu komandaların cari mövsümdə keçirdikləri oyunlarda qeydə alınan nəticələr göstərir. Belə ki, “İnter” Gəncə təmsilçisi ilə həm ilk, həm də ikinci dövrədəki qarşılaşmada sülh bağlayıb – 2:2, 0:0. Bu isə onu deməyə əsas verir ki, “Kəpəz”lə oyun “İnter” üçün heç də asan olmayacaq.
Turun qalan iki matçı isə bazar günü baş tutacaq. Əvvəlcə meydana “Zirə” və AZAL komandaları çıxacaqlar. Bu görüş Ayxan Abbasovun “Zirə”nin baş məşqçisi kimi ilk rəsmi oyunu olacaq. Gənc çalışdırıcı debüt matçında autsayderdən 3 xal almaq niyyətindədi. Lakin AZAL da meydana təslim olmaq üçün çıxmayacaq. “Zirə”dən fərqli, təlim-məşq toplanışını ölkə daxilində keçirən “təyyarəçilər” qış fasiləsi öncəsi “Neftçi” üzərindəki qələbənin ardını gətirmək arzusundadılar.
Tura əzəli rəqiblərin dueli – “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulacaq. Qış fasiləsinə ilk pillədə yollanan Ağdam klubu cari mövsümdə “ağ-qaralar”la keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Lakin budəfəki oyunda Qurban Qurbanovun yetirmələrinin işinin asan olmayacağı ehtimal edilir. Bu da “Neftçi”nin qış “transfer pəncərəsi”ndəki fəallığı ilə əlaqədardı. Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Ruslan Abışovu heyətinə qatan “Neftçi” uğursuz çıxışa son qoymaq, “Qarabağ”la oyunlardakı tilsimi qırmaq niyyətindədi.
III dövrə
XV tur
28 yanvar (şənbə)
15:00. “Qəbələ” – “Sumqayıt”
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17:30. “İnter” – “Kəpəz”
İlk 2 dövrədəki oyunlar: 2:2, 0:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
“İnter Arena”
29 yanvar (bazar)
15:00. “Zirə” – AZAL
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
17:30. “Qarabağ” – “Neftçi”
İlk 2 dövrədəki oyunlar: 3:0, 2:0
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
“Azərsun Arena”
|
1 |
Qarabağ |
14 |
10 |
2 |
2 |
26-6 |
32 |
|
2 |
Qəbələ |
14 |
9 |
4 |
1 |
30-7 |
31 |
|
3 |
İnter |
14 |
6 |
7 |
1 |
21-12 |
25 |
|
4 |
Sumqayıt |
14 |
4 |
5 |
5 |
13-18 |
17 |
|
5 |
Zirə |
14 |
4 |
3 |
7 |
11-15 |
15 |
|
6 |
Kəpəz |
14 |
3 |
6 |
5 |
10-13 |
15 |
|
7 |
Neftçi |
14 |
3 |
0 |
11 |
9-30 |
9 |
|
8 |
AZAL |
14 |
1 |
5 |
8 |
6-25 |
8 |