Türkiyə Super Liqasının XXVI turundan təxirə salınan “Qalatasaray” – “Fənərbaxça” derbisi sabah baş tutacaq. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma “cimbom”un uruqvaylı qapıçısı Fernando Muslera üçün xüsusi əhəmiyyət daşıyır.
Belə ki, 2011-2012 mövsümündə 6.5 milyon avro qarşılığında “Latsio”dan transfer edilən Nando bu vaxta qədər sarı-qırmızı forma ilə 199 oyuna çıxıb. Sabahkı derbi isə onun üçün yubiley – 200-cü matç olacaq.
“Qalatasaray”da keçirdiyi 4 mövsüm ərzində ümumilikdə 17.834 dəqiqə meydanda qalan “çərçivə qoruyucusu” bu müddətdə 20 sarı vərəqə və 2 qırmızı vərəqə görüb. Muslera “aslan”ın heyətində fərqlənməyə də imkan tapıb. O, 2012-ci ildə “Manisaspor”la oyunda (4:0) penalti zərbəsi ilə komandasının 3-cü qolunu vurub.
Qeyd edək ki, Uruqvay milli komandasının da əsas qapıçısı olan 30 yaşlı Muslera “Qalatasaray”ın heyətində 200 oyun həddini keçəcək 4-cü xarici futbolçu olacaq. Ona qədər keçmiş qapıçılar Simoviç 251, Mondraqon 239 və yarımmüdafiəçi Cavad Prekazi 247 dəfə meydana çıxmış əcnəbi futbolçular olub.