“Şadam ki, Xorvatiya yığması Çin kubokuna dəvət olunan yığmaların sırasındadı. Halbuki, turnir FİFA-nın rəsmi təqviminə daxil deyil. Buna görə də, yaxşı oyunçuları bir araya gətirmək çətindi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Ante Çaçiç deyib.
Çin kuboku turnirində iştirak edəcək xorvatlar dünən bu ölkəyə yollanıblar. “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin də yer aldığı kollektiv sabah Çili yığması ilə finala çıxmaq uğrunda oyun keçirəcək.
Bu görüşdən öncə mətbuat konfransı keçirən Çaçiç aparıcı oyunçuların kənarda qaldığı vaxtda belə, yaxşı kollektiv qurduqlarını bildirib: “İstənilən halda, vahid komanda formalaşdırmaq üçün əlimizdən gələni etdik. Heyətdə yer alan futbolçular yaxşı oyun göstərən Xorvatiya yığmasını nümayiş etdirəcəklər. Çili ilə matçda komandamız bütün çinli azarkeşlərin bəyənəcəyi oyun göstərmək üçün əlindən gələni edəcək”.
Çaçiç Xorvatiya yığmasının turnirə birinci olmaq məqsədilə qatıldığını qeyd edib: “Bütün komandalar bura ambisiya ilə gəliblər. Hər birinin məqsədi ən yaxşı olmaq, qələbələr qazanmaq və kuboka sahib çıxmaqdı. Biz də Çinə bu məqsədlə gəlmişik. Digər yığmalara da hörmətlə yanaşırıq. Əvvəlki oyunlara və daha çox hazırlıq keçdiyinə görə Çilini favorit hesab etmək olar. Buna baxmayaraq, Xorvatiya yığması bütün rəqiblərə qarşı unikal oyun göstərməyə çalışacaq. Məqsədimiz Çiliyə qalib gəlib, turnirin finalına adlamaqdı”.
Qeyd edək ki, yanvarın 10-dan 17-ə qədər davam edəcək turnirdə Çin, İslandiya, Xorvatiya və Çili yığmaları iştirak edəcəklər.