[b]Finala doğru ilk addım[/b]
26.04.2016 - 10:06
[b]Finala doğru ilk addım[/b]

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində iki qarşılaşma baş tutacaq.

 

Günün hər iki matçı paytaxtda baş tutacaq. İlk öncə “İnter”lə “Qarabağ” meydana çıxacaq. Çempionatın turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşanlar “İnter Arena”da görüşəcək.

 

Son turda öz meydanında 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ardıcıl ikinci dəfə “Qızıl dubl” a imza atmaq üçün “İnter” səddini də adlamalıdı. Cari mövsümdə rəqibini məğlub edə bilməyən “bankirlər” tarixində 5-ci dəfə final oynamaq arzusundadı.

 

7 il əvvəl finalda aldığı məğlubiyyətin əvəzini çıxmalı olan bakılılar iki dəfə mübarizədən kənarlaşdırdığı “Qarabağ”a eyni taleyi yaşatmalıdı. Amma bunun üçün cari mövsümdə kubokda 3 qol vuran Samuel Armenterosu da zərərsizləşdirmək lazımdı. Paytaxt təmsilçisi bu qarşılaşmaya cəzalı Sezar Meza kollisiz çıxacaq. Yarımfinaladək bütün matçlarda qələbə qazanan “Qarabağ” uğurlu seriyasını davam etdirmək üçün səfərdə də qalib gəlməlidi.

 

Günün ikinci oyunu da paytaxt-əyalət dueli ilə əlamətdar olacaq. İki il əvvəl finalda üz-üzə gələn “Neftçi” ilə “Qəbələ” bu dəfə 8-ci km qəsəbə stadionunda görüşəcək. Cavab matçınadək Premyer Liqada da qarşılaşmalı olan komandalar ardıcıl 3 oyun keçirəcək.

 

Cəzalı Erik Ramosun xidmətindən məhrum olan “Neftçi” kubokun ən yaxşı bombardiri Ruslan Qurbanovun qolçuluq bacarığına güvənir. Çempionatda avrokubok şansını demək olar ki, minimuma endirən “ağ-qaralar” kuboku qazanmaqla azarkeşlərini sevindirməlidi. Bunun üçün də əvvəl “Qəbələ” səddi keçilməlidi.

 

Ardıcıl 5-ci dəfə final oynamaq arzusunda olan “Neftçi” kimi rəqibi də kuboku əldə etməyə iddialıdı. Çempionatda bürünc medal uğrunda mübarizə aparan əyalət təmsilçisi tarixinin ilk titulunu qazanmaq istəyir. Kubokda 3 qol vuran Aleksey Qayın bombardirlər yarışında liderliyə yüksəlməsi üçün bu matçda da fərqlənməlidi.

 

Qeyd edək ki, kubokun cavab oyunları mayın 4-də keçiriləcək.


Azərbaycan kuboku

1/2 final, ilk oyunlar
27 aprel (çərşənbə)

16:00. “İnter” – “Qarabağ”

“İnter Arena”

19:00. “Neftçi” – “Qəbələ”
8-ci km qəsəbə stadionu