[b]Fransada 100-ü yarılayacaq “Qəbələ”li[/b]
18.10.2016 - 15:53
[b]Fransada 100-ü yarılayacaq “Qəbələ”li[/b]

“Qəbələ”nin futbolçusu Rikardinyo avrokuboklarda yubiley matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III turunun “Sent-Etyen”lə səfər matçı braziliyalı cinah müdafiəçisi üçün 50-ci olacaq.

 

Cənubi amerikalı oktyabrın 20-də baş tutacaq matçadək “Köhnə qitə”də klub turnirlərində 49 qarşılaşmada iştirak edib. Hələ qol hesabını açmayan Rikardinyonun debütü 5 il öncə gerçəkləşib. İsveç “Malmö”sündə çıxış edən futbolçu İslandiya “Hafnarfyordur”u ilə matçda meydanda olub. 2011-ci il iyulun 13-də keçirilən görüşdə skandinaviyalılar 2:0 hesabı ilə qalib gəlib.

 

Ümumiyyətlə, Rikardinyo iki klubla avrokuboklarda çıxış edib. O, “Malmö”də 26 belə matçın iştirakçısı olub. Müdafiəçinin Çempionlar Liqasında keçirdiyi 14 oyun da İsveç klubunda gerçəkləşib. Digər 12 matç, həmçinin “Qəbələ”dəki 23 qarşılaşma Avropa Liqasına təsadüf edib.