Braziliyanın “Şapekoense” klubunu Kolumbiyaya aparan təyyarənin qəzaya uğraması 76 nəfərin ölümü ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu bədbəxt hadisə futbolda əvvəlki fəlakətləri xatırladıb.
Futbol dünyasında keçmişdə buna bənzər bir çox təyyarə qəzası hadisəsi yaşanıb. İtaliyanın “Torino”, İngiltərənin “Mançester Yunayted”, Çilinin “Qrin Kross”, Boliviyanın “Stronqest”, Perunun “Alianza Lima”, Özbəkistanın “Paxtakor” klubu, həmçinin Danimarka və Zambiya yığmaları oxşar qəzalar səbəbindən böyük itkilər veriblər.
Qəza “qızıl dövr”ə son qoyub
İtaliya klubu “Torino” ötən əsrin 40-cı illərində gözəl performansı ilə Avropanın ən yaxşı formada olan komandaları arasında yer alırdı. Kapitan Valentino Mazzolanın liderliyi ilə ardıcıl 5 dəfə A seriyasının qalibi olan İtaliya təmsilçisi faciəli qəza ucbatından “qızıl dövr”ü ilə vidalaşmalı olub. Portuqaliya millisinin kapitanı Fransisko Ferreyranın vida matçı üçün bu ölkəyə yollanan “Torino” “Benfika” ilə keçirdiyi dostluq görüşündə 2:4 hesabı ilə yenilib. 1949-cu il mayın 4-də Lissabondan qayıdarkən komandanı aparan təyyarə əlverişsiz hava şəraiti üzündən Torino şəhərinin yaxınlığında dağa çırpılıb. Nəticədə aralarında İtaliya millisinin aparıcı üzvlərinin də yer aldığı 18 futbolçu, məşqçilər korpusu və jurnalistlərdən ibarət 31 nəfərlik heyət həlak olub. Bu fəlakətdən sonra keçmiş günlərinə qayıda bilməyən “Torino” 1975-76 mövsümündə çempion olsa da, maliyyə problemi ucbatından sonrakı illəri aşağı liqada keçirib. 2012-13 mövsümündən yenidən A seriyasında iştirak edən komanda hələ də hegemonluğu ələ keçirə bilmir.

Bobbi Çarlton qurtulub, 8 futbolçu ölüb
İngiltərənin ən köklü klublarından olan “Mançester Yunayted” ardıcıl 2 çempionluğun ardından 1958-ci il fevralın 6-da yaşanan və “Münhen fəlakəti” adlanan təyyarə qəzasında böyük sarsıntı keçirib. Çempionlar Kubokunun 1/4 finalında “Srvena Zvezda” ilə qarşılaşan “qırmızı şeytanlar” evdə rəqibi 2:1 hesabı ilə məğlub edib. Səfərdə qollu bərabərliyə (3:3) nail olaraq yarımfinala adlayan “Mançester Yunayted”in sevinci baş verən hadisəyə görə yarımçıq qalıb. Komandanı Belqraddan qaytaran təyyarə yanacaq doldurmaq üçün Münhen şəhərindəki Riem Hava Limanına enməli olub. Uçuşa keçmək istəyərkən pilotun ilk iki cəhdi texniki problemlər üzündən uğursuz alınıb. Güclü qar yağdığından həmin gün hava limanındakı bütün uçuşlar təxirə salınmışdı. Lakin sıx qrafiki nəzərə alan “Mançester Yunayted” rəhbərliyi komandanın bir gecə Münhendə qalmasına razılıq verməyib. Üçüncü dəfə havalanmaq üçün hərəkətə gələn təyyarə lazımi sürəti yığa bilməyincə hava limanının baryerinə çırpılıb. Təyyarədə olan 44 nəfərdən 20-si hadisə yerindəcə dünyasını dəyişib. Münhendəki Rexts der İsar xəstəxanasına aparılan 3 ağır yaralını da xilas etmək mümkün olmayıb. Ölənlərdən 8-i futbolçu, digərləri isə məşqçilər və rəhbər şəxslər olub. Qitənin ən yaxşılarından sayılan komandada Rojer Byarn, Mark Cons, Eddi Kolmen, Tommi Teylor, Liam Uelan, Devid Peqq, Dankan Edvards və Ceff Bent qəzadan sağ qurtulmayan futbolçular olub. “Mankunianlar” həmin mövsümün yarımfinalında “Milan”a məğlub olaraq mübarizəni dayandırıb. Qəzadan əvvəl daxili çempionatda qızıl medallar uğrunda yarışan komanda mövsümün qalan hissəsində cəmi 1 qələbə qazanaraq, 9-cu yeri tutub. Bobbi Çarlton, Conni Berri, Caki Blankflouer, Bill Fulks, Harri Qreqq, Kenni Morqans, Albert Skanlon, Dennis Viollet və Rey Vud kimi futbolçular, həmçinin baş məşqçi Matt Basbi yara aralaraq xilas olublar. “Mançester Yunayted” növbəti “qızıl dövrü”nü ötən əsrin 90-cı illərində Aleks Ferqyusonun gəlişindən sonra yaşayıb.

Danimarkanın futbol faciəsi
Danimarka futbolu ən kədərli gününü 1960-cı il, iyul ayının 16-da yaşayıb. İtaliyanın paytaxtı Romada keçirilən Olimpiya Oyunlarında Danimarka millisi finala qədər irəliləyib. Danimarka Futbol Federasiyası oyunçuların bəzilərinin zədələnməsini əsas gətirərək, heyətə əlavə futbolçular cəlb etmək üçün “hava gəmisi” icarəyə götürüb. Kopenhagen Hava Limanından təyyarə “hava gəmisi” qeyri-stabil hava durumuna görə Eresun Boğazına düşüb. Təyyarədə yer alan 8 futbolçunun hamısı həlak olub və yalnız pilot sağ qurtulub. Danimarka yığması isə finalda keçmiş Yuqoslaviyaya yenilərək, gümüş medalla kifayətlənib.

Dağıntıları 54 ildən sonra tapılan təyyarə
Təyyarə qəzaları fərqli qitələrin komandalarında da dərin izlər buraxıb. 3 aprel 1961-ci il tarixində Çilinin köklü klublarından “Qrin Kross”un 8 futbolçusu və texniki heyətindən 2 nəfərin yer aldığı təyyarə And Dağlarının üzərində olarkən yerə çırpılıb. Təyyarədə olan 24 nəfərin hamısının həlak olduğu qəzadan sonra illərlə heç bir məlumat alınmayıb. Yalnız ötən ilin fevral ayında And Dağlarına çıxan bir qrup alpinist həmin təyyarənin dağıntılarını tapıb.
1945-ci ildə ölkə çempionu olan “Qrin Kross” qəzadan sonra heç bir uğur əldə edə bilməyib və 1985-ci ildə fəaliyyətini dayandırıb.

Boliviya və Peruda dəhşətli qəza
Boliviyanın ən yaşlı klublarından olan “Stronqest” 1969-cu ilin sentyabr ayının 26-da yoldaşlıq görüşünün ardından vətənə dönmək üçün yola çıxıb. Həmin gün Boliviyada hərbi çevriliş olub və komandanı gətirən təyyarə yoxa çıxıb. Lakin bir müddət sonra “hava gəmisi”nin Boliviyadakı Viloko qəsəbəsinə düşdüyü və içində olan 56 nəfərin hamısının öldüyü məlum olub.
8 dekabr 1987-ci il tarixində isə Peru təmsilçisi “Alianza Lima”nı aparan təyyarə Pasifik okeanına düşüb. “Pukallpa” ilə çempionat matçından qayıdarkən baş verən qəza nəticəsindən təyyarədə yer alan 43 nəfərin hamısı həyata gözlərini əbədi yumub.

İki təyyarə toqquşub
Özbəkistanın ən tanınmış klublarından olan “Paxtakor”a məxsus təyyarə 1979-cu il avqust ayının 11-də qəzaya uğrayıb. Komanda SSRİ çempionatı çərçivəsində Minsk “Dinamo”su ilə oyun üçün yola çıxıb. Ukraynanın Kamyansk şəhərinin üzərində başqa bir təyyarə ilə toqquşma nəticəsində hər iki “hava gəmisi”ndə yer alan ümumilikdə 178 nəfər həlak olub.

Zambiya millisinin puç olan arzusu
Yaşıl meydanlarda Afrika qitəsinin ən kədərli günü 1993-cü il aprel ayının 27-si sayılır. DÇ-1994-ün final mərhələsinə vəsiqə üçün çalışan Zambiya millisi Qabonla səfər oyunu üçün yola çıxıb. Yolda bir dəfə yanacaq doldurulub. Təyyarədə texniki problem üzə çıxsa da, pilot yola davam etmək qərarına gəlib. Enişin gerçəkləşəcəyi Librevill şəhərinin hava limanına çox az məsafə qalmış təyyarə qəzaya uğrayıb. Nəticədə 25 sərnişin və uçuşa cavabdeh olan 5 nəfər dünyasını dəyişib. Pilot səhvi ilə baş verən qəzada Zambiya yığmasının 18 futbolçusu və baş məşqçisi həlak olub.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı