“Mən kimisə nə təhqir etmişəm, nə də nalayiq söz işlətmişəm. Sadəcə, əleyhimizə penalti qərarı verildiyi üçün tribunadan aşağı düşmüşəm”. Bunu apasport.az saytına “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev deyib.
I divizionun XXV turunda baş tutan “Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində meydan sahiblərinin cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq, komandasının oyunu davam etdirməməyini tələb edib və görüşdə 10 dəqiqə məcburi fasilə yaranıb. AFFA İntizam Komitəsi həm bunu, həm də onun matçın hakimlər briqadasını təhqir etdiyini əsas gətirərək, çalışdırıcını 1 illik futboldan uzaqlaşdırıb.
Ancaq Əlibabayev bu cəzaya layiq hərəkət etmədiyini bildirib: “Doğrudu, tribunadan aşağı düşdüm və komandanı kənara çağırdım. Lakin futbolçuların heç biri meydançanı tərk etməmişdilər. Sadəcə, özüm kənara çəkmək istədim ki, rəqib boş qapıya penalti vursun. Onsuz da, hakimlər bura bizi uduzdurmaq üçün gəlmişdilər. Mən də oyunçuları yanıma çağırdım ki, rəqib istədiyi qolu vursun. Ancaq kimisə nə söymüşəm, nə də hədə-qorxu gəlmişəm. İnqilab Məmmədov kimdi ki, mən ona görə söyüş işlədim?”
“Şəmkir”in çalışdırıcısı baş hakim İnqilab Məmmədovun onları uduzdurmaq istədiyini öncədən bildiyini vurğulayıb: “Hakimlər briqadası Şəmkirə gələndə onları qarşıladıq, nə lazımdısa etdik ki, problem yaşamasınlar. Amma buna dəymirlər. Onlara etdiyim yaxşılığa heyfim gəlir. İnanırsız, hələ matçdan bir gün əvvəl dedim ki, bunlar sabah nəsə edəcəklər. Keçən il də “Rəvan”la görüşdə başımıza oyun açmışdılar. Yenə inqilab etməli idi axı. Onların niyyəti əvvəlcədən burda hadisə törətmək idi, bunu da bacardılar. Adama yer edən odu ki, baş hakim “yaxşı elədim” deyir. Futboldan anlayışı olmayan birinin hakimlik etməsi gülməlidi”.
Əlibabayev Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənovun ünvanına da ittiham səsləndirib: “Məlik müəllim mənə çoxdan demişdi ki, sənə 1 illik cəza verəcəm. İndi istədiyini elədi. Nə qazandı? Ofisdə oturub qərar vermək asandı. Gəlib hər şeyi yerində görmək lazımdı”.
Baş məşqçi sonda “Şəmkir”dən ayrılacağını da vurğulayıb: “Klub rəhbərliyi Bakıdadı. Onlar gəldikdən sonra bu məsələyə baxacağıq. Baş məşqçi vəzifəsindən gedəcəm. Burdan ayrılacağımı hələ dekabrda qərara almışdım. Sadəcə, mövsümün sonunu gözləyirdim”.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı