[b]Hamı hakimləri söyür: Məşqçi də, futbolçu da[/b]
15.03.2016 - 16:45
[b]Hamı hakimləri söyür: Məşqçi də, futbolçu da[/b]

AFFA-nın İntizam Komitəsi yeniyetmələr arasında təşkil olunan liqalardakı xoşagəlməz halları müzakirə edib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri kütləvi hal alan hakimlərin təhqir olunması faktları ilə bağlı qərarlar çıxarıb.

 

Belə ki, yeniyetmələr də, azyaşlılar da ədalət təmsilçilərindən narazılıqlarını qaydalar çərçivəsindən kənar şəkildə ifadə edib. Bunun da nəticəsində hakimləri söyən futbolçuların hamısına 4 oyunluq cəza verilib.

 

U-16 Liqasının “Kəpəz”lə matçında “Zirə”nin futbolçusu Hüseyn Həsənov hakimi təhqir, onun komanda yoldaşı Riad Əliyev aqressiv davranışa görə aldığı qırmızı vərəqə üzündən 4 oyunluq cəzalanıb. “Zirə”nin daha bir futbolçusu İsrafil Qasımov “Əlincə” ilə görüşdə hakimi təhqir edib. Bu üzdən də o, 4 oyunluq kənarlaşdırılıb.

 

U-16 Liqasının “Rəvan”la görüşündə isə “Bakı”nın üzvü Rauf Hüseynli eyni hərəkətə yol verib. Həm o, həm də Həvəskarlar liqasının “Cəfəri 313” ilə  matç başa çatdıqdan sonra hakimi təhqir edən “Şuşaspor”un futbolçuları Əmrah Cəfərov, Süleyman Salmanov, Adəm Ağabalayev 4 oyun cəzalanıblar.

 

U-14 Liqasında isə baş məşqçi “fərqlənib”. UGİM “Qala”nın çalışdırıcısı Elşad Mirzəyev  “Qoşqar”la matçdan sonra hakimlər briqadasını söyüb. Onun cəzası daha ağır olub – 5 oyun.

 

Hakimləri təhqir edənləri cəzalandıran komitə U-12 liqasındakı fırıldağın da üstünü açıb. “Qarabağ” – RİOEUGİM matçında sonuncuların heyətində lisenziyası olmayan futbolçu aşkarlanıb. Buna görə də onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.