“Danışıqlar uzun müddətdi davam edir. 6 aydı Prosineçki üçün “Bursaspor” haqda məlumat toplayırıq. İki tərəf də anlaşmaq istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır deyib.
Türkiyə mətbuatına açıqlama verən Çalışır xorvatiyalı çalışdırıcının “Bursaspor”un “sükanı arxası”na keçmək şansını dəyərləndirib.
O bildirib ki, Prosineçki Azərbaycan millisində son matçını iyunun 10-da Şimali İrlandiyaya qarşı keçirəcək. Türkiyəli menecer 48 yaşlı mütəxəssisin bazar və ya bazar ertəsi günü “Bursaspor” prezidenti Ali Ayla görüşəcəyini vurğulayıb: “Görüş ya İstanbul, ya da Bursada olacaq. Bu barədə hələ qərar verilməyib. Prosineçki “Bursaspor”da çalışmağı çox istəyir. Sırf buna görə, “Konyaspor”un təklifini qəbul etmədik. Robert iddialı xarakterə sahibdi. Bu səbəbdən sözləşməsinə çempionluq mükafatının qoyulmasını istədi. Amma bunu bacarmaq üçün yaxşı heyət qurulması yönündə tələbləri var. Razılıq əldə olunacaqsa, komandanın başına keçəndə özünü yad hiss etməyəcək. Bu müddətdə qəzetlərdə çıxan bütün xəbərləri tərcümə edib, özünə çatdırmışıq”.
Çalışırın sözlərinə görə, Prosineçki transfer məsələsində “Bursaspor”un mənfəətini nəzərə alacaq: “Rəhbərliyə 8-10 oyunçu alınmasının şərt olduğunu söyləyib. Onun əlində geniş siyahı var. “Bursaspor”un da araşdırmalarına baxacaq. Bundan sonra transfer məsələsində bir qərara gəlinəcək. Amma Prosineçki bu məsələdə klubun mənafeyini də nəzərə alacağını əminliklə söylədi. “Bursaspor”a komandası ilə gələcək. 2+1 illik müqavilənin imzalanması planlaşdırılır”.
Menecer Azərbaycan yığmasının üzvü Dəniz Yılmazın “Bursaspor”dakı taleyinə də toxunub. O bildirib ki, Prosineçki rəhbərliyin qərarına qarşı çıxmayacaq: “Robert “Bursaspor”un oyunlarını tez-tez izləyirdi. Azərbaycan yığmasına çağırdığı Dəniz Yılmazın klubda heyətdən kənarda qaldığını bilir. Bu məsələdə söz sahibi “Bursaspor”un prezidentidi. Əgər o, Dəniz Yılmazın komandada qalmayacağını desə, Prosineçki də buna qarşı çıxmayacaq. Rəhbərlik digər futbolçu Pablo Batalyanın qalacağını söylədi. Prosineçki də ondan faydalanmaq istəyir. Robertin məqsədi komandaya hücum futbolu oynatmaqdı. Amma bu futbol anlayışına uyğun heyət qurulmalıdı”.