[b]Hollandiyalı məşqçi türk klubundan göndərilir?[/b]
14.02.2017 - 00:53
[b]Hollandiyalı məşqçi türk klubundan göndərilir?[/b]


“Qalatasaray” baş məşqçi Yan Olde Rikerinklə yolları ayırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, son oyunlarda buraxılan səhvlərlə əlaqədar klub belə qərar verib.

 

Bu barədə ilkin qərar “sarı-qırmızılar”ın İdarə Heyətinin toplantısında qəbul edilib.

 

Bir neçə saat davam edən iclasda ötən turda “Kayserispor” qarşısında məğlubiyyət müzakirə edilib və hollandiyalı baş məşqçinin fəaliyyətindən narazılıq ifadə olunub. Son qərarın bu gün həftəlik toplantıda verilməsi gözlənilir.

 

Klub prezidenti Dursun Özbək İdarə Heyəti üzvlərinin hamısının mövqeyini öyrəndikdən sonra qərar verəcək. Ehtimal olunur ki, iclasda Yan Olde Rikerink baş məşqçilikdən uzaqlaşdırılması ilə bağlı qərar qəbul ediləcək.

 

Amma hələlik yeni baş məşqçinin adı açıqlanmayıb.

 

Qeyd edək ki, UEFA-nın Maliyyə Fair Play qaydalarına görə, “Qalatasaray”ın mövsümün sonuna qədər xərcləri 65 milyon avronu keçməməlidir. Komanda artıq bu həddə yaxınlaşıb. Baş məşqçi seçimində bu məsələ mütləq nəzərə alınmalıdır.