[b]Hollandlar Qriqorçukun səsinə səs verdilər[/b]
17.10.2016 - 15:48
[b]Hollandlar  Qriqorçukun səsinə səs verdilər[/b]

Hollandiya futbolunda yeni qərar qəbul edilib. Apasport.az saytı “Telegraph” nəşrinə istinadən xəbər verir ki, “zanbaqlar ölkəsi”ndə süni örtüklü meydançalardan istifadə etmək qadağan olunub.

 

Əvvəlcə ölkənin televiziya kanallarından birində süni örtüyün sağlamlıq üçün təhlükəli olduğu, onkoloji xəstəliklərə şərait yaratdığı haqda sənədli film yayımlanıb. Araşdırmadan sonra məlum olub ki, əsas təhlükə avtomobil təkərlərindən düzəldilən rezinlə bağlıdı. Süni örtüklü meydanların rezini toksiki maddələrdən ibarət olduğu üçün gələcəkdə onkoloji xəstəliklərin inkişafına yol aça bilər.

 

Bundan sonra Hollandiya Futbol Assosiasiyası süni örtüklü meydanlardan istifadəni qadağan edib.  

 

Artıq “Ayaks” klubunun rəhbərliyi akademiyada yetişən uşaqların valideynlərinə süni qazondan daha istifadə etməyəcəkləri ilə bağlı məktub göndərib. Amsterdam təmsilçisi kimi, Hollandiya çempionatının daha 5 klubu bu qərara əməl etməli olacaq.

 

Azərbaycan futbolunda da süni örtük qlobal problemlərdən biri hesab olunur. 8 komandalı Topaz Premyer Liqasının 4 üzvü - “İnter”, “Zirə”, “Sumqayıt” və AZAL məhz bu cür meydanlardan istifadə edir. Ölkə çempionatının VIII turunun “İnter” – “Qəbələ” matçından sonra qonaqların ukraynalı çalışdırıcısı Roman Qriqorçuk “İnter Arena”nın ot örtüyündən narazılığını dilə gətirmişdi: “Bu cür meydanda oynamaq çox çətindi. Süni örtük böyük problemdi. Nəticədə iki futbolçumuz zədələndi”.

 

Düzdü, “bankirlər” cari mövsüm başa çatan kimi, süni örtüyü təbii örtüklə əvəz etməyi planlaşdırır. Yaxşı olar ki, digər 3 klub, eləcə də Premyer Liqaya vəsiqə qazanacaq komandalar süni örtükdən imtina etsinlər. AFFA bununla bağlı qanun hazırlayıb, klublara süni örtükdən istifadəni rəsmi şəkildə qadağan etməlidi.