İkinci dövrənin hazırlıqlarının ikinci hissəsinə artıq iki gündü ki start verən "Səbail"in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri məlumdu. Apasport.az saytının məlumatına görə, yanvarın 10-da MOİK ilə qarşılaşacaq aşağı liqa təmsilçisi, yanvarın 12-də "Neftçi"nin əvəzediciləri ilə üz-üzə gələcək.
Hər iki oyun "Bayıl Arena"da baş tutacaq.
Yanvarın 14-dən etibarən Antalya toplanışına start verəcək komanda Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Sınaqçı rəqiblərdən ikisinin adı artıq məlumdu.
Yanvarın 19-da "Səbail"in ilk rəqibi "Kiran" (Qazaxıstan) komandası olacaq. Ayın 26-da isə birinci divizion klubu gücünü Macarıstanın "Şeged" komandasıyla sınayacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ ki, dəqiqləşməyib.
"Səbail" transfer çalışmalarını da davam etdirir. Komandaya qoşulacaq yeni oyunçuların adları Antalya toplanışından əvvəl ictimaiyyətə açıqlanacaq.