[b]İcraiyyə Komitəsinin 11 qərarı[/b]
15.03.2017 - 16:52
[b]İcraiyyə Komitəsinin 11 qərarı[/b]

Bu gün Bulvar otelində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az assosiasiyanın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra 11 qərar qəbul olunub.

 

Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə olunub.

 

Vüqar Məmməd U-15 və U-16, Mirbağır İsayev U-17, Təbriz Həsənov isə rəsmən U-19 Azərbaycan yığmasının baş məşqçisi təyin edilib. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi isə rəsmən Biro Jadeyə həvalə olunub. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə tapşırılıb.

 

İclasda futbol veteranları - Səməd Qurbanov, Asəf Namazov, Rafiq Mirzəyev, Abdulla Məmmədov, Məzahir Süleymanzadə, Rafiq Quliyev və Rafiq Yusubova AFFA-nın təqaüdü verilməyi qərara alınıb.

 

Həmçinin, Hakimlər Komitəsinin tərkibi təsdiqlənib. Bunlar Elçin Səmədli (Futzal və Çimərlik futbolu üzrə komissiya), Namiq Quliyev (Hakimlərin fiziki hazırlığı üzrə komissiya), Ceyhun Haşımov (Metodiki-Tədris Komissiyası), Kərim Ağayev (Təyinat Komissiyası) və Nizami Şərifovdu (Məsul katib).

 

Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunub. Əvəzində Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin edilib.

 

Bundan əlavə, AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddətinin uzadılması qərara alınıb.

 

İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib.