Azərbaycan milli komandasının iki futbolçusu üçün Qətərlə keçirilən yoxlama oyunu əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Dohada baş tutan qarşılaşmada qol müəllifi olan hər iki futbolçumuz yığmada ilk dəfə fərqlənib.
2:1 hesablı qələbəyə qolla töhfə verən Tərlan Quliyev də, Araz Abdullayev də bunadək milli formada fərqlənməmişdi.
İlk rəsmi matçını 1992-ci ildə keçirən yığmamızın Doha səfərinədək vurduğu qollara 53 oyunçu imza atmışdı. Qətərdə hesabı açan Tərlan bu siyahıda 54-cü olub. Quliyev millidəki 7-ci oyunda “siftə” edib.
Qələbə qolunun müəllifi olan Araz isə 21-ci görüşündə ilkə sevinib. O, milli tarixində qol vuran oyunçuların sayını 55-ə çatdırıb.
İki “5”lə ifadə olunan qolçularımızdan başqa 3 topu rəqiblərimiz vurub. Bunlar öz qapısına qol vuran əcnəbilərdi.