[b]İlin "siftə"si[/b]
17.04.2016 - 02:33
[b]İlin "siftə"si[/b]

"İnter"in səfər oyunlarındakı uğurlu seriyası davam edir. Apasport.az saytının məlumatına görə, "bankirlər" cari mövsümdə ardıcıl 5-ci səfər matçından məğlub olmadan dönüblər.

 

Topaz Premyer Liqasının XXX turunda "Kəpəz"lə Gəncədə bərabərə qalan (1:1) Zaur Svanadzenin yetirmələri həm də 4 səfər görüşündən sonra ilk dəfə qol buraxıb. Bakılılar axırıncı dəfə qış fasiləsindən sonrakı ilk turda evə əliboş dönüblər.

 

Yanvarın 31-nə təsadüf edən paytaxt derbisində komanda "Zirə"yə (XIX tur - 1:2) boyun əymişdilər. Ondan sonra "İnter" müvafiq olaraq AZAL (XXI tur - 0:0), "Sumqayıt" (XXIV tur - 1:0), "Xəzər Lənkəran" (XXVI tur - 1:0), "Qəbələ" (XXVIII tur - 0:0) və "Kəpəz"lə (XXX tur - 1:1) səfərdə üz-üzə gəlib və heç birində yenilməyib.

 

"İnter"in hücumçusu Yuri Fomenko isə susqunluğunu pozub. 2016-cı ildə "siftə" edən forvard cari mövsümdə qollarının sayını 3-ə çatdırıb. IX turda "Rəvan" (2:0) və XVI turda "Sumqayıt"la (2:3) qarşılaşmada toru silkələyən Fomenko 4 aydan sonra adını tabloya yazdırıb.