[b]İlklər və rekord savaşı[/b]
01.08.2016 - 09:58
[b]İlklər və rekord savaşı[/b]

Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında Çexiyanın “Viktoriya” klubunu qəbul edəcək.

 

Ardıcıl üçüncü dəfə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “ağ-qaralar” meydana ilkə imza atmaq üçün çıxacaq. Bunun üçün Qurban Qurbanovun yetirmələri indiyədək heç bir Azərbaycan klubunun adlaya bilmədiyi III təsnifat mərhələsini keçməlidi.

 

Ötən həftə Plzendə qolsuz heç-heçəyə nail olan “Qarabağ” pley-offa yüksəlmək üçün mütləq qalib gəlməlidi. Ağdamlılar bunun əsas və əlavə vaxtda gerçəkləşdirə bilməsə, penaltilər seriyasına üstün olmalıdı.

 

Lakin qarşılaşmanın belə uzanması üçün qolsuz heç-heçə lazımdı. İstənilən digər bərabərlik isə çexiyalıların lehinədi. Çempionlar Liqasının pley-offuna yüksələn ilk klubumuz adına yiyələnməyə yaxın olan “Qarabağ” son iki ildə olduğu kimi, uğursuzluğa üzülsə də, avrokubok mövsümünü bitirməyəcək.

 

Çünki qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində məğlub olanlar Avropa Liqasının pley-offunda mübarizəni davam etdirir. Ardıcıl 2 dəfə bu yolla qrupa yüksələn Ağdam klubu bu dəfə daha nüfuzlu turnirin əsas mərhələsində oynamaqda iddialıdı.

 

Evdə keçirdiyi təsnifat mərhələləri matçlarında nadir hallarda qol buraxmayan çempionumuz bununla kifayətlənməyib, rəqib qapısına da yol tapmalıdı. Çünki matçın penaltilər seriyasına uzanması mənfi sonluqla da nəticələnə bilər. İndiyədək heç bir Azərbaycan klubu avrokuboklarda belə lotereyada qalib gəlmədiyindən, ağdamlılar riskə getməyib, görüşün taleyini əsas vaxtda həll etməlidi.

 

“Qarabağ” qələbə qazansa, həm də yeni rekordun müəllifi olacaq. Çempionlar Liqasında 5 qələbəsi olan əyalət klubu bu göstəricidə “Neftçi” ilə şərikli Azərbaycan rekorduna malikdi. Çexiyalılar üzərində əldə olunacaq qələbə isə 6-cı olacaq və bakılıları arxada qoymaq imkanı verəcək.

 

Əldə olunacaq qələbə, həm də Çexiya klubları üzərində ilk qalibiyyət olacaq. İndiyədək bu ölkə təmsilçiləri ilə 7 dəfə üz-üzə gələn komandalarımız 2 heç-heçə edib, 5 dəfə məğlub olsa da, qələbə qazana bilməyib. Ağdamlılar bu tilsimi da sabah qırmalıdı.

 

Qeyd edək ki, Azərbaycan çempionu “Viktoriya” səddini adlasa, ardıcıl 3-cü dəfə avrokubokların qrupunda oynayacaq. Çünki Çempionlar Liqasının pley-offunda qalib gələnlər bu turnirin, uduzanlar Avropa Liqasının əsas mərhələsinə yüksələcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

 

20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)

Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz

Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova) 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 0:0