Azərbaycan Premyer Liqasının XXIV turunun mərkəzi oyununu İnqilab Məmmədov idarə edəcək. Apasport.az saytının məlumatına görə, ötən mövsümün mükafatçıları “Qəbələ” və “Zirə” arasında sabah keçiriləcək qarşılaşma referinin mövsümdə 8-ci çempionat matçı olacaq.
Bunadək Məmmədov Premyer Liqada 7 görüş idarə edib. Bu oyunlarda maraqlı tendensiya müşahidə olunur. Belə ki, Məmmədov olan yerdə qonaqlar qalib gəlmir. Baş tutan 7 görüşdən 4-də meydan sahibləri qalib gəlibsə, 3-ü bərabərliklə nəticələnib.
Qonaqların qənimi olan hakim onları 3 penalti və 2 qırmızı vərəqə ilə də cəzalandırıb. Bundan başqa, Məmmədov meydan sahiblərinə 17, qonaqlara 23 sarı vərəqə göstərib.
Bu çempionatda “Zirə” 1, “Qəbələ” 3 dəfə referi ilə rastlaşıb. Paytaxt təmsilçisi “Kəpəz”lə X turun ev oyununda 2:0 hesablı qələbə qazanıb. Qəsəbə klubunu 2 sarı vərəqəylə cəzalandıran Məmmədov qərblilərə 4 sarı, 1 qırmızı və 1 penalti ilə qənim kəsilib.
“Qəbələ” isə AZAL-la 2 ev və 1 səfər oyununda bu hakimi görüb. 6 dəfə əyalət, 13 dəfə paytaxt klubunu sarı vərəqə ilə cəzalandıran referi bakılıları azlıqda qoyub və onların qapısına penalti də təyin edib. Bu üç görüşdə “Qəbələ” 7 xal qazanıb – 3:0, 0:0, 2:0.