[b]İspaniya faciədən qurtuldu, Serbiya nağılı bitdi[/b]
13.04.2016 - 09:27
[b]İspaniya faciədən qurtuldu, Serbiya nağılı bitdi[/b]

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin 6 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin Hollandiyanı qəbul etdiyi cavab oyunları çərçivəsində baş tutan qarşılaşmalar Kolumbiyadakı final mərhələsinə yüksələn altı komandanın adına aydınlıq gətirib.

 

İki oyunun nəticəsində “narıncılar”dan 9:5 hesabı ilə üstün olan millimiz kimi Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya və Portuqaliya da mundiala vəsiqə qazanıb. Sonuncular bu il keçirilən Avropa çempionatının 4-cüsü olan Serbiyanı mübarizədən kənarlaşdırıb.

 

Ən dramatik qarşılaşma isə İspaniya ilə Sloveniya arasında baş tutub. Dünyanın iki nəhəngindən biri olan pireneylilər səfərdəki sensasion 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaqda çətinlik çəkib. Düzdü, ispaniyalılar sonda 5:1 hesabı ilə qalib gəlib. Amma onlar qonaqların müqavimətini son 6 dəqiqədə qırıb. Belə ki, sloveniyalılar onlara sərf edən 1:2 hesabını 35-ci dəqiqəyədək qoruyub.

 

DÇ-2016

Avropa zonası üzrə pley-off

Cavab oyunları, 12 apreı

 

Qazaxıstan – Polşa – 7:0 (1:1)

Rusiya – Belarus – 2:2 (4:1)

Azərbaycan – Hollandiya – 4:4 (5:1)

Ukrayna – Slovakiya – 5:1 (6:0)

İspaniya – Sloveniya – 5:1 (0:1)

Portuqaliya – Serbiya – 2:1 (2:1)

 

Qeyd edək ki, bununla da Kolumbiyadakı final mərhələsinə vəsiqə qazananların sayı 16-ya çatıb. Meydan sahibləri ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya və Portuqaliya Avropanı təmsil edəcək. “Köhnə qitə”dən sonuncu vəsiqə isə bu gün keçiriləcək İtaliya – Macarıstan duelində sahibini tapacaq.