[b]Junior Osvaldo: Birinci “sarı” haqsız, ikinci haqlı idi[/b]
04.04.2016 - 17:29
[b]Junior Osvaldo: Birinci “sarı” haqsız, ikinci haqlı idi[/b]

“Kəpəz”in yarımmüdafiəçisi Junior Osvaldo komandasının məğlub olduğu və özünün qırmızı vərəqə alaraq meydanı erkən tərk etdiyi AZAL-la qarşılaşmadan sonra apasport.az saytına müsahibə verib

 

- Cari çempionatda iki dəfə qalib gəlib, bir dueldə xalları yarı böldüyünüz AZAL-a Topaz Premyer Liqasının XXVIII turunda məğlub oldunuz. Bu yenilginin səbəbi nədi?

- Səbəbi səhvlərimizdi. Rəqib hər səhvimizdən maksimum yararlandı. Əlbəttə, qələbə qazanmaq istəyirdik. İtkilərimizə baxmayaraq, mübarizə apardıq. Ayıq başla oyunu təhlil edəcəyik və səhvlərimizi görəcəyik. Artıq oyun bitdi, növbəti matç haqda düşünməliyik.

 

- Xüsusilə də, qış fasiləsindən sonra “Kəpəz” cəmi 2 oyunda uduzub...

- Bu gün bizim günümüz deyildi. Futboldu, nəticəni əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Bir dəfə qalib gəlirsən, bir dəfə uduzursan... Səhvlərə yol verdik. Həmin səhvləri də bağışlamadılar. Elə etməliyik ki, belə səhvlər təkrarlanmasın.

 

- Hesabın böyük olacağı gözlənilmirdi. Niyə belə alındı?

- Səhvlərimiz davam etdi. Səhvlər davam etdikcə rəqibə qol imkanı yaradırdı. Təbii ki, onlar da bundan istifadə edəcəkdilər.

 

- Qırmızı vərəqə aldınız. Buna ehtiyac var idi?

- Meydanda olan zaman qarşılaşmanın ağırlığı, gərginliyi, hamısı təsir edir. Həm də referinin birinci sarı vərəqəsi ilə razılaşmıram. Həmin epizodda sarı vərəqəlik heç nə yox idi, amma hakim verdi. Ordakı səhv qərar meydandan qovulmağımda rol oynadı. İkinci sarı vərəqə haqlı qərar idi. Onunla bağlı deyiləsi sözüm yoxdu.

 

- Ümumiyyətlə, oyun ərzində komanda yoldaşlarınız bir neçə dəfə hakimə etiraz etdilər. İdarəçilik bu qədər bərbad idi?

- Bunu şərh etmək istəmirəm. Komanda yoldaşlarımın işidi. Qərarları isə referi verirdi. Bu da onun işidi. Yalnız mənə göstərilən iki sarı və qırmızı vərəqəni şərh etdim.

 

- Növbəti qarşılaşmada liderlə üz-üzə gələcəksiniz. Sizin yoxluğunuzda komandanız “Qarabağ”a qarşı müqavimət göstərə biləcəkmi?

- Komandama kömək edə bilməyəcəyimə görə üzgünəm. Əvəzedilməz futbolçu yoxdu. Baş məşqçi müəyyən tədbir görəcək.

0