Türkiyədə birinci dövrə başa çatmamış “Karşıyaka” ilə yollarını ayıran yığmamızın əsas qapıçısı Kamran Ağayev karyerasını yenidən Azərbaycanda davam etdirəcəyi gözlənilir. Apasport.az saytının məlumatına görə, qolkiper özü klub rəhbərliyinə bu istəyini çatdırıb və müqaviləsinə xitam verilib.
Ötən mövsümün sonunda Superliqaya vəsiqə qazanan “Kayserispor” komandada saxlamadığı Kamran yenə PTT I liqasında oynamalı oldu. Hədəfi Superliqaya adlamaq olan “Karşıyaka” böyük ümidlərlə çərçivəni millimizin üzvünə tapşırsa da, 13 oyunda 20 qol buraxan Ağayev etibarsız qapıçı imicini yaratdı. Nəticədə Türkiyənin aşağı liqasında 16-cı yeri tutan komanda da ona ehtiyac duymadı.
Çətin ki, Kamran bundan sonra Türkiyədə çıxış edə bilsin. Çünki I liqa komandaları ciddi maliyyə böhranı yaşayırlar. Kamranın istədiyi pulu onlar verməz, onların təklif etdiyi məbləğə də qapıçı razı olmaz.
Millimizin qolkiperinin indi bir yolu qalır: Azərbaycana qayıtmaq. Maraqlıdı, bəs hansı komandaya? Bu mövsümdən Premyer Liqa təmsilçilərinin də çoxu “aclıq” çəkir. “Xəzər Lənkəran”, “Rəvan”, “Sumqayıt”, AZAL, “Kəpəz” və “İnter” məlum məsələdi ki, Kamranın istədiyi pulu verə bilməz. “Qəbələ”dən elə xoş ayrılmadı ki, geri də qaytarsınlar. Üstəlik, o, Dmitri Bezotosnı ilə rəqabətdə açıq-aşkar uduzurdu. Elə indi də “Qəbələ”nin əsas qapıçısı Bezotosnıdı.
“Qəbələ”ni də siyahıdan çıxarsaq, 3 variant qalır. Yeni yaranmış “Zirə” ehtimalı nə dərəcədə realdı, bunu demək çətindi. Düzdü, paytaxt təmsilçisi 3 il avrokuboklarda iştirak edə bilməz. Amma yaxşı pul qarşılığında Kamran istənilən yerdə oynayar. I liqanın zəif komandasında oynaması buna əyani sübutdu.
“Qarabağ” variantı da çox inandırıcı görünmür. Düzdü, İbrahim Şehiç son vaxtlar bir-birindən kobud səhvlərlə qollar buraxdı. Hərdən səhvlər etməsinə baxmayaraq, bosniyalının Kamrandan güclü qapıçı olmasına şübhə yoxdu. Digər tərəfdən Qurban Qurbanov rəhbərlik etdiyi komandaya Kamranı gətirərmi? Bu da az maraq kəsb etmir.
Ən real variant hesab olunan “Neftçi”yə gəlincə, Ağayev əvvəllər bir neçə dəfə paytaxt klubunun maraq dairəsində olmuşdu. Ancaq uzun illər “Xəzər Lənkəran”ın formasını geyinmiş, tez-tez “Neftçi” futbolçuları və azarkeşləri ilə problem yaşamış birinin indi bu komandaya keçməsi qəribə olar. Hələ 2012-ci ilin noyabrında Kamran yerli mətbuata açıqlamasında dolayısı yolla “heç vaxt "Neftçi"nin formasını geyinmərəm” demiş və bunu bir neçə dəfə təkrarlamışdı. Bu vaxta qədər dediyinə əməl etdi. Ancaq indi “Neftçi”nin formasını geyinsə, sözünə xilaf çıxmış olacaq ki, bu da onu bir nömrəli tənqid obyektinə çevirəcək.