“Rebrova güvənirəm. Onu əvəzləmək fikrim yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kiyev “Dinamo”sunun prezidenti İqor Surkis deyib.
Cari mövsümdə keçirdiyi 4 oyunun 3-də uduzan “Dinamo”nun baş məşqçisi postunda dəyişiklik olacağı haqda xəbərlər yayılmışdı. Ukrayna mətbuatı Kiyev klubunun “sükanı arxası”na keçməyə ən real namizədlərin sırasında “Qəbələ”nin çalışdırıcı Roman Qriqorçukun da adını hallandırmışdı.
Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Surkis məsələyə aydınlıq gətirib.
O, hazırkı çalışdırıcı Sergey Rebrovdan razılığını dilə gətirərək, yeni baş məşqçi axtarışında olmadıqlarına işarə edib: “Çempionlar Liqasından öncə heyətimizi gücləndirə bilmədik. İndiki məqamda yüksək səviyyəli futbolçular Ukraynaya gəlmirlər. Bundan əlavə, yayda bir neçə aparıcı futbolçumuz komandadan getdi. Buna görə də, baş məşqçiyə tapşırdım ki, daha çox gənclərə şans versin. Eybi yoxdu, bu il “Dinamo”da eniş müşahidə olunsun, amma 2 ildən sonra daha güclü komanda görəcəksiz”.
Surkis bildirib ki, qələbə qazananda Rebrova dəstək olanlar indi onu istefaya səsləyirlər: “Qalib gəldiyimiz oyunlardan sonra Sergeyi qəhrəman adlandırırdılar. Bəs niyə həmin dəstəyi indi göstərmirlər? Mən onun işindən razıyam. Rebrova inanıram”.