[b]Klublar Komitəsi hansı məsələləri müzakirə edəcək?[/b]
18.04.2016 - 13:15
[b]Klublar Komitəsi hansı məsələləri müzakirə edəcək?[/b]

Klublar Komitəsinin (KK) 2016-cı ildəki növbəti iclasının vaxtı və gündəliyindəki məsələlər müəyyənləşib. Bu barədə apasport.az saytına KK sədri Fikrət Hüseynov məlumat verib.

 

İclas sabah saat 11:00-da “Boulevard Hotel Baku” otelində keçiriləcək. Ötən toplanışda PFL prezidenti Ramin Musayev iştirak etdiyi halda, budəfəki iclasa AFFA-nın baş katibi Elxan Məmmədov qatılacaq.

 

KK sədri Hüseynov iclasa yeni yaradılmış Media Komitəsinin (MK) üzvlərinin də dəvət olunduğunu bildirib: “Baş katib Elxan Məmmədov, həmçinin Media Komitəsinin nümayəndələri iclasa qatılacaq. MK ilə bağlı məsələlərə də yer ayıracağıq. Bundan əlavə, gələn ay Bakıda keçiriləcək 17 yaşlıların Avropa çempionatı haqda müzakirələr aparacağıq, klubların necə dəstək verə biləcəklərini öyrənəcəyik”.

 

Hüseynovun sözlərinə görə, iclasın gündəliyində “İnter” və “Zirə” klublarının avrokuboklara buraxılmamaq məsələsi də yer alıb: “Biz hər dəfə yığışandan avrokuboklara kimin necə hazırlaşdığını, kimin lisenziya ilə bağlı nə problemi olduğunu soruşuruq, danışırıq. Hazırda ən çətin mövzu bu məsələdi. Sabahkı iclasda da buna yer ayıracağıq, “İnter” və “Zirə”nin rəsmisinə qulaq asacağıq”.

 

Sabahkı toplantıda kubokun finalının məkanı, həmçinin Superkubokun yenidən bərpa edilməsi məsələsi də müzakirə olunacaq: “Biz Klublar Komitəsinin əvvəlki iclasında finalın Gəncədə keçirilməsi təklifi ilə çıxış etmişdik. Hələ bir şey söyləməyiblər. Finala 1 aya yaxın vaxt qalıb. Mənə elə gəlir ki, ayın sonuna qədər bizə deyiləcək. İclasda həmçinin Superkubok məsələsinə toxunacağıq. Klublar Superkubokun keçirilməsinin tərəfdarıdılar. Baş katib Elxan Məmmədovla birlikdə bunu müzakirə edəcəyik. Superkubok bərpa edilsə, yaxşı olar. Bir çox ölkələrdə bu var. Çempionla kubokun qalibinin qarşılaşması Azərbaycan futboluna da əlavə rəng qatar”.